“AŞPA-dakılar çox böyük səhv edirlər”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycana qarşı bir daha qərəzli mövqe nümayiş etdirilib.
Mövzu ilə bağlı TNS-ə açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, AŞPA-nın nizamnaməsində olan boşluqdan istifadə edən avropalı bir qrup siyasətçi özlərinin qərəzli, anti-Azərbaycan fikirlərini yaymaqda davam edirlər: “Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvi kimi qurumun siyasətini müəyyənləşdirən ölkələrdən biridir. Lakin Parlament Assambleyasında olan radikal çıxışlar AŞPA ilə Azərbacan arasında münasibətlərin yaxşılaşmasına xidmət etmir, humanist siyasət prinsiplərini tamamlamır.
Əgər bir qrup siyasətçi anti-Azərbaycan, radikal xarakterli çıxışları ilə ölkəmizi öz suveren hüquqlarını müdafiə etməkdən çəkindirəcəyini düşünürsə, çox böyük səhv edir.
Azərbaycan Avropa dəyərlərini, beynəlxaq hüquq və normalarını öz dövlətçiliyinin inkişafına müsbət təsir etdiyi üçün qəbul edib. Konstitusiyamızda vətəndaşlara verilən hüquq və azadlıqlar, demokratiya prinsiplərinin qorunması, növbədənkənar parlament seçkilərinin demokratik əsasda, şəffaf keçməsi buna bariz nümunədir. Ölkəmizin uğurlar əldə etməsi, COP29-a ev sahibliyi, Azərbaycanın dünyada olan nüfuzu Avropanın müəyyən dairələrini narahat edir. Ona görə də belə qarayaxma kampaniyasına əl atırlar.
Azərbaycan öz siyasətini, milli maraqlarını hüquq və demokratiyaya uyğun olaraq inkişaf etdirir. AŞPA ilə münasibət isə onlarin özündən asılı olan məsələdir”.
Milli Məclisin deputatı Elman Nəsirov isə deyib ki, Azərbaycanın düzgün siyasəti, yüksək idarəedici lideri var. Güclü iqtisadiyyatın, ordunun və böyük müttəfiqlərin fonunda Ermənistan və onun havadarların əks-Azərbaycan siyasəti yeritməsi mümkünsüzdür: “Azərbaycan Ermənistan üzərində ikiqat hərbi nailiyyətə imza atıb və nəticədə Qarabağda, Şərqi Zəngəzur ərazisində tam suverenliyimiz bərpa edilib. Azərbaycanın qələbəsi Ermənistanın və onun havadarlarının yuxusuna haram qatıb, indi Assambleya üzvləri koordinasiya olunmuş şəkildə Azərbaycana qarşı hücum edirlər”.
Deputat qeyd edib ki, Azərbaycana qarşı olan bu təxribatın vaxtı məqsədli şəkildə seçilib: “Çünki ölkəmiz dünyanın ən böyük tədbirlərindən birinə COP29-a ev sahibliyi edəcək. Anti-Azərbaycan dairələri bunu ölkəmiz əleyhinə qarayaxma kampaniyasını həyata keçirmək üçün bir fürsət kimi qiymətləndirir.
Bir tərəfdən ABŞ Konqresi və Dövlət Departamenti səviyyəsində Azərbaycana qarşı iddialar səslənir, ölkəmizi sanksiyalar ilə hədələyirlər, bir tərəfdən də AŞPA bunları edir.
Bütün bu anit-Azərbaycan çıxışların, kampaniyaları ölkəmiz üçün heç bir təsiretmə gücü yoxdur, bizim işimiz haqq işidir.
Heç kimə sirr deyil ki, AŞPA təmsilçilərinin çoxu korrupsiyaya bulaşmış insanlardır”.
Ayşən Azadova