Naşirlərin tələbi ilə bağlı qərar verildi - Kitab sərgisi davam edəcək
Mədəniyyət Nazirliyi ölkədə fəaliyyət göstərən nəşriyyatlardan ildə bir dəfə kitab alışını bundan sonra da davam etdirəcək.
Yazıçı, "Qanun" nəşriyyatının redaktoru Şərif Ağayar TNS-ə açıqlamasında bildirib ki, kitab alışının dayandırılması ilə bağlı irəli sürülən qərardan sonra yaranan narazılıq müsbət həll olub: “Yaranmış vəziyyətlə bağlı naşirlər və mədəniyyət nazirinin müavini Fərid Cəfərovun iştirakı müzakirə aparıldı. Kitab alışının dayandırılması qərarı ilə bağlı yaranan narahatlıq Mədəniyyət Nazirliyinin naşirlərə dəstəyi sayəsində müsbət həll olundu. Naşirlər də bu qərardan razı qaldılar və sərgini davam etdirirlər”.
Xatırladaq ki, son illər Mədəniyyət Nazirliyi hər il bir dəfə kitabxana fondunu zənginləşdirmək məqsədi ilə məhdud sayda da olsa, Azərbaycan nəşriyyatlarından kitab alır.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Mədəniyyət Nazirliyi vasitəsilə nəşriyyatlardan kitab alışının dayandırılması ilə bağlı qərar verib.
Dövlət Xidməti bildirib ki, kitab alışı tender yolu ilə həyata keçirilməlidir. Nəşriyyatlar isə buna etiraz olaraq bildirib ki, intellektual mülkiyyətin məhsulu olan əsərlər, kitablar tender yolu ilə alına bilməz.
Nəşriyyatlar məsələ həll olunmayacağı təqdirdə, oktyabrın 7-dən yekdilliklə X Beynəlxalq Kitab Sərgisini tərk edəcəklərini bəyan etmişdilər.
Aygün