Close

Türkiyə növbədənkənar prezident seçkilərinə gedir – Namizədlər kimlərdir?

Türkiyədə prezident və parlament seçkiləri vaxtında yox, daha əvvəl keçirilə bilər.

TNS xəbər verir ki, bunu Türkiyənin tanınmış jurnalisti Abdulkadir Selvi "Hürriyet" qəzetində yazıb. Hakimiyyətə yaxınlığı ilə tanınan jurnalist iddia edib ki, növbəti seçkilər 2028-ci ildə yox, vaxtından 6-12 ay əvvələ keçirilə bilər.

Bu iddia nə qədər doğrudur? Növbədənkənar seçkilərdə iqtidar və müxalifətin namizədləri kimlər ola bilər?

TNS-in bu barədə suallarını türkiyəli politoloq, Qafqaz Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri Hasan Oktay cavablandırıb.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, Rəcəb Tayyib Ərdoğan seçkilərin vaxtında keçiriləcəyi təqdirdə prezidentliyə yenidən namizəd ola bilməz: “Ərdoğan ancaq növbədənkənar seçkilər keçirilsə, namizəd ola bilər. Bunun üçün əlbəttə, ilk növbədə müxalifətin də razılığı vacibdir.
Əslində müxalifət də bir müddətdir, 2025-ci ildə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edir. Yəni, Ərdoğan təkrar namizəd olsun, seçilsə, vəzifəsini davam etdirsin, seçilməsə, yeni prezident gəlsin.
Hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) müxalifətin bu təklifinə isti baxır.
Çünki indiki halda AK Partinin Ərdoğandan başqa namizədlə seçkidə qalib gələ bilməyəcəyi, bu baxımdan erkən seçimə gediləcəyi iddia edilir”.

Hasan Oktay bildirib ki, bunların hamısı iddiadır, hələlik heç bir rəsmi açıqlama, mövqe olmayıb: “Məlumdur ki, Türkiyədə hazırda iqtisadi sıxıntılar var. Hökumətin bu durumda seçki qərarı verməsi xalq tərəfindən müsbət qarşılanmaz. Amma proseslərin gedişatının necə olacağı hələlik məlum deyil”.

Seçkidə kimlərin namizəd ola biləcəyinə gəlincə, politoloqun fikrincə, bu da məlum deyil: “İddia olunur ki, AK Partiyanın hətta Ərdoğanın namizəd kimi qatılacağı seçkidə belə qalib gəlməsi sual doğurur.
Müxalifətin namizədləri arasında əsasən, Ankara və İstanbulun bələdiyyə sədrləri Mansur Yavaşla Əkrəm İmamoğlunun adı çəkilir. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelin də namizəd ola biləcəyi deyilir. Yerli mətbuatda müxalifətin namizədi ola biləcək bu şəxslərin arasında narazılıq olduğu bildirilir.
Amma hesab edirəm ki, CHP ya Mansur Yavaş, ya da Əkrəm İmamoğludan birini seçəcək.

Cümhur İttifaqının namizədi Ərdoğandır. Amma gözlənilməz bir hadisə baş verəcəyi təqdirdə alternativlər də olacaq.
Seçkilər vaxtında keçirilərsə, keçmiş vitse-prezident Fuat Oktay, xarici işlər naziri Hakan Fidan, “Baykar” Holdinqin sahibi Selçuk Bayraktar, TBMM sədri Numan Kurtulmuş, keçmiş nazir Süleyman Soylu və Ərdoğanın oğlu Bilal Ərdoğanın namizəd ola biləcəkləri haqqında müxtəlif fikirlər səslənir.

Hər iki tərəfdən dövlət adamı kimi tanınan isə Fuat Oktay və Mansur Yavaşdır”.

Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri 2023-cü ilin mayında keçirilib. Növbəti seçkilərin 2028-ci ildə keçirilməsi planlaşdırılır.