Ermənistan imitasiya ilə məşğuldur – Konstitusiya dəyişikliyi...
“Sülh sazişinin imzalanması üçün Azərbaycanın şərtləri aydın və konkretdir. Ermənistan konstutusiyası dəyişdirilməlidir və de-fakto mövcud olmayan Minsk qrupu de-yure ləğv edilməlidir. Ermənistanın Konstitusiya Məhkəməsinin Müstəqillik Bəyannaməsinin konstitusiya qüvvəsinə malik olmaması ilə bağlı qərar verməsi İrəvanın növbəti hiyləgər addımıdır”.
Bunu TNS-ə siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, bu qərardan o nəticə çıxır ki, Ermənistan hökumətinin konstitusiya dəyişikliyinə getmək niyyəti yoxdur: “Ermənistanın sülh danışıqları fonunda silahlanması, imitasiya xarakterli addımlar atması və ziddiyyətli açıqlamalar verməsi Azərbaycanın yanaşmalarına adekvat deyil. Ona görə də Azərbaycan Ermənistanın güvənilə biləcək ölkə olmadığını nəzərə alaraq, hansısa dönəmdə yenidən işğalçı niyyətlərini həyata keçirməyə cəhd fikrinə düşməməsi üçün sülh sazişinin dayanıqlı olmasını təmin etməyə çalışır. İrəvandakı son proseslərə nəzər salaq: xüsusilə revanşizm cəhdləri, kilsə və lobbinin nifrəti qızışdıran fəaliyyəti və hökumətin sürətlə silahlanması Azərbaycanın bu tələbləri irəli sürməkdə nə qədər haqlı olduğunu göstərir.
Paşinyan BMT-də bildirdi ki, Ermənistan Azərbaycanla sülh sazişi mətni 80 fazi razılaşdırılıb və sülh sazişi imzalamaq mümkündür. Əslində Paşinyan bununla Qərbə özünün sülh tərəfdarı olduğunu xüsusilə nümayiş etdirməyə, Azərbaycanın sülhdən yayındığı görüntüsünü yaratmağa çalışır. Beləliklə, Qərbin təzyiqlərinə nail olmağı hədəfləyir. Konstitusiya Məhkəməsinin məlum qərarı da buna hesablana bilər və tutarlı arqument deyil. Məsələn, erməni deputat Artsvik Minasyan deyib ki, Ermənistan konstitusiya dəyişikliyinə getmədən sülh sazişi imzalanarsa, sonradan sazişi qanunsuz hesab edə bilər. Minasyan bildirib ki, konstitusiyanın girişinin dəyişdirilməsi Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid deyil. Bu baxımdan son proseslər Ermənistanın imitasiya ilə məşğul olduğunu və bu vəziyyəti uzun müddət davam etdirməyə çalışdığını göstərir”.