Close

Paşinyanın istefası realdır? – Onlar Cənubi Qafqazda sülh istəmirlər

“İrəvanın Respublika meydanında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən mitinqdə kütləvilik olmadı. Bu aksiyalar bir neçə aydır, təşkil edilsə də, qatılanların sayı az olur”.

Bunu TNS-ə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov deyib.

Onun sözlərinə görə, bu qədər az insanla Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasına nail olmaq real görünmür: “Paşinyanın Ermənistanda reytinqi yüksək deyil. Amma ona qarşı çıxan Baqrat Qalstanyanın da tərəfdarlarının sayı çox azdır. Bu səbəbdən aksiyalarla Paşinyanın hakimiyyətinə son qoyulması mümkün deyil. Nəzərə almaq lazımdır ki, Ermənistanda daha əvvəl hərbi çevriliş etməyə hazırlaşan dəstələrdən biri zərərsizləşdirilib”.

Mərkəz rəhbəri bildirib ki, Baqrat Qalstanyanın rəhbərlik etdiyi qrupun hakimiyyətə gəlməsi real görünməsə də, bu hal baş verəcəyi təqdirdə sülh danışıqlarında fasilə yaranacaq: “Çünki o zaman Ermənistanda hakimiyyətin  formalaşması, Azərbaycanla bağlı mövqeyini bəyan etməsi üçün vaxt lazımdır. Amma belə bir ehtimalın olması mümkün deyil”.

Politoloq Kazım Kazımov isə TNS-ə açıqlamasında bildirib ki, əslində Paşinyan sülhün əldə olunması üçün səy göstərmir: “Onun sözü ilə əməli fərqlidir. Müharibənin başa çatmasından 4 ilə yaxın vaxt keçsə də, Nikol Paşinyan konkret addımlar atmayıb. Ermənistandakı siyasi xaosu müxalif qüvvələrlə yanaşı, hakimiyyət daxilindəki qruplaşmalar da yaradır. “Tavuş (Tovuzqala) Vətən naminə” hərəkatın adı hər nə qədər, Vətən naminə olsa da, xarici qüvvələr tərəfindən idarə edilir. Həmin xarici qüvvələr Cənubi Qafqazda sülhün bərqərar olmasını istəmir.

Hazırda sülh prosesində müəyyən irəliləyişlər var, amma bu, Azərbaycan tərəfinin səylərinin nəticəsidir”.

Ayşən Azadova