Close

"İranın İsrailə hücumu gözlənilən idi"

“İsrail münaqişənin genişlənməsində və İranın birbaşa iştirakı ilə davam etməsində maraqlıdır. Belə olan halda İsrail də İrana zərbələr endirəcək və hədəf daha çox İranın enerji, liman və nüvə obyektləri olacaq”.

Bunu TNS-ə acıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə deyib.

Politoloq qeyd edib ki, bu zamana qədər həmin ölkələr arasında silahlı münaqişə İranın yaratdığı proksi qüvvələr vasitəsilə aparılırdı: “Son zamanlar İsrailin İranın proksi qüvvələrinə qarşı hücumu, həmin qüvvələrin rəhbərlərinin sui-qəsd nəticəsində məhv edilməsi münasibətləri daha da gərginləşdirərək, ölkələr arasında birbaşa münaqişə vəziyyətinə gətirib.

İranın İsrailə raket zərbəsi endirməsi gözlənilən idi. Yəni, İranın cavab verməsi son zamanlar dünya siyasi müstəvisində ən çox müzakirə olunan məsələlərdən biridir. İran rəsmiləri cavab verəcəkləri, hətta cavablarının ağır olacağı barədə bildirsələr də, hələlik açıqlanan məlumatlara görə, raket zərbələrinin ciddi nəticəsi olmadığı görünür.

İran-İsrail gərginliyi uzun müddət davam etsə də, ilk dəfə bu ilin aprel ayında və ikinci dəfə indi İran birbaşa özü İsrailə qarşı hücum edir. Bu zamana qədər bu ölkələr arasında silahlı münaqişə İranın yaratdığı proksi qüvvələr vasitəsilə aparılırdı. Son zamanlar İsrailin İranın proksi qüvvələrinə qarşı hücumu, həmin qüvvələrin rəhbərlərinin sui-qəsd nəticəsində məhv edilməsi münasibətləri daha da gərginləşdirərək, ölkələr arasında birbaşa münaqişə vəziyyətinə gətirib. Bu ölkələr arasında quru sərhəd olmadığı üçün münaqişə ancaq hava hücumu vasitələri ilə həyata keçirilə bilir.

İran-İsrail münaqişəsi Yaxın Şərqlə bərabər region ölkələrinə, o cümlədən dünyada beynəlxalq hüquqa, insan hüquqlarına olan ümidləri daha da öldürür. Eyni zamanda, ölkələrin daha çox silahlanmasına rəvac verir. Həmçinin, İranın İsrailə qarşı yaratdığı silahlı qüvvələrdən istifadə etməsi Fələstin xalqına daha çox zərbə vurub. Çünki proksi qüvvələrin hücumundan istifadə edən İsrail daha geniş hərbi əməliyyatlar keçirərək minlərlə fələstinlinin ölümünə səbəb olub”.

Siyasi şərhçi bildirib ki, İranın birbaşa müharibəyə cəlb olunması onun qonşuları ilə, əsasən də Azərbaycanla güc müstəvisində danışıq ritorikasına təsir edəcək: “Bu prosesdə İranın Cənubi Qafqaza təsirinin zəifləyəcəyini düşünürəm. Söz yox ki, biz tez-tez İran rəsmilərindən İsrailə münasibətimizə görə təhdid fikirlərini eşidirik. Hesab edirəm ki, İran "qırımızı" xətlərini Cənubi Qafqazda yox, Yaxın Şərqdə çəksə, daha yaxşı olar”.