Close

İrandan müharibə anonsu - Gərginliyin Azərbaycana hansı təsirləri olacaq?

Hizbullah liderinin ölümündən sonra İsraillə Fələstin arasında vəziyyət daha da gərginləşib. İran İsrailin hücumlarının cavabsız qalmayacağını bəyan edib. Bölgədə nələr olacaq? Bu münaqişənin Azərbaycana hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən deputat Azər Badamov bildirib ki, İranın məsələyə müdaxiləsi vəziyyəti daha da gərginləşdirə bilər: "Təəssüf ki, İsrail-Fələstin müharibəsinin əhatə dairəsi genişlənməkdədir. Bu gün demək olar ki, Livanda da müharibə gedir. Livana hava zərbələri nəticəsində "Hizbulah" qruplaşmasının lideri Həsən Nəsrullah öldürüldü. Təşkilatın liderlərinin öldürülməsi və müharibənin coğrafiyasının genişlənməsi İsrail-İran müharibəsinin başlanmasına apara bilər. İran rəhbərliyi İsrailə Həsən Nəsrullahın qisasını alacağını bildirib. Əgər İran da bu müharibəyə qoşularsa, onda regionda böyük gərginliyin artmasına yol açacaq. Biz bütün müharibələrin dayandırılmasını və danışıqlar yolu ilə mübahisəli məsələlərin həll olunmasını dəstəkləyirik. O cümlədən, qonşu ölkələrin müharibəyə cəlb olunmasını da arzulamırıq".

Deputat bildirib ki, biz uzun illər müharibədən əziyyət çəkmiş ölkə kimi sülh siyasətini həmişə alqışlayırıq və müharibənin heç bir tərəfə xeyir gətirmədiyini bilirik: "Qeyd etmək istəyirəm ki, müharibə ocaqlarının genişlənməsi nəinki qonşu ölkələrə, hətta bütün dünya iqtisadiyyatına və siyasi münasibətlərə təsirsiz ötüşmür".