Close

Paşinyan sülh müqaviləsi olmadan Türkiyə ilə sərhədləri açmaq istəyir

“Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin tez bir zamanda imzalanmasının tərəfdarıdır. Bununla bağlı Türkiyə tərəfindən Ermənistana dəfələrlə çağırış edilib. Amma Ermənistan bu çağırışların heç birinə adekvat reaksiya verməyib”.

Bu fikirləri TNS-ə açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan tələb edir ki, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyası dəyişdirilsin, yəni orada Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılsın: “Halbuki Ermənistan konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiaları var. Ermənistan bunu gizlətmir, eyni zamanda illərdir, Türkiyəni soyqırımında ittiham edir. Bu isə əlbəttə İrəvanın qonşu dövlətlərlə münasibətlərində problemlərə gətirib çıxrarır. Ona görə də, Türkiyə bölgədə dayanıqlı sülhün əldə olunması və Ermənistanın normal qonşuluq münasibətlərinə əməl etməsi üçün İrəvana təzyiqlərini artırmalıdır. Əgər Ermənistan üzərində xüsusilə region dövlətlərinin təzyqlərini hiss etməsə, o zaman imitasiya xarakterli görüşlərin davam etdirilməsində, üçüncü qüvvələrin bölgəyə daxil olmasında maraqlı olacaq. Beləliklə də bölgədə sülh və sabitliyin təmin edilməsində çətinliklər yaranacaq. Son proseslər göstərir ki, İrəvan dayanıqlı sülhün əldə olunmasında maraqlı deyil. Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalanmadan Türkiyə ilə sərhədlərin açılmasına çalışmasında da məqsəd budur. Çalışır ki, əlavə nəfəslik əldə etsin və beləliklə iqtisdi cəhətdən güclənməklə hərbi potensialını artırsın. Ona görə də düşünmürəm ki, Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan bu addımı atacaq. Çünki bu, eyni zamanda Türkiyənin də maraqlarına qarşıdır”.