"Ermənistana silah satanlar bölgədə vəziyyəti yenidən gərginləşdirmək istəyir"
"Paşinyan hökumətinin Fransadan və Hindistandan uzaqmənzilli öldürücü silahları alması, Rusiyanın Ermənistana "Smerç" tipli raketləri satması Cənubi Qafqazda yenidən gərginliyin yaradılmasına hesablanıb.
Bunu TNS-ə açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, rəsmi İrəvan bir tərəfdən sülh müqaviləsi ilə bağlı fikirlər səsləndirir, digər tərəfdən ölkəsini öldürücü silahlarla silahlandırır: "Həm də Azərbaycanın təklif etdiyi Minsk qrupunun ləğv edilməsi ilə bağlı müvafiq quruma birgə müraciət etməkdən yayınır. Hətta son vaxtlar Ermənistanın havadarları yenidən ərazi iddialarını səsləndirməyə başlayıb. Bütün bunlar qorxulu vəziyyət yaradır. Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatan kimi Ermənistana sülh əlini uzatdı və iki ölkə arasında düşmənçiilk səhifəsini bağlamağı təklif etdi. Amma Ermənistan bu müddət ərzində sülh danışıqları prosesini manipulyasiya edir və vaxt qazanmağa çalışır. Vaxt qazanmağının yeganə məqsədi də yenidən silahlanmaq və öz çirkin niyyətləri yenidən gündəmə gətirməkdən ibarətdir. Amma Ermənistan və ona dəstək verənlər unutmasınlar ki, Azərbaycan yerində saymır. Biz də öz ordumuzu gücləndiririk. Cənab Prezidentin VII çağırış parlamentin ilk iclasında etdiyi çıxışda xalqın və ölkənin qarşısında dayanan bir nömrəli vəzifənin hərbi gücünün artırılması olduğunu qeyd etməsi heç də təsadüfən deyil. Çünki uzun illər torpaqlarımızı işğal altında saxlayaraq, milli-mənəvi sərvətlərimizi talayıb, darmadağın edən Ermənistanın silahlanaraq bizdən güclü olmasına heç vaxt imkan verməməliyik. Ona görə də dövlət büdcəsində ən böyük xərclər müdafiə sahəsinə yönəldilir".
Deputat əlavə edib ki, Azərbaycan daha müasir silahlar alır, hərbi sənaye kompleksini inkişaf etdirir, yeni ordu növlərini formalaşdırır və ordunun peşəkarlığını artırır: "Çünki Ermənistanın hərbiləşməsi bizdən bunu tələb edir. Belə ki, dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistanın aldığı öldürücü silahlar yenidən ərazilərimizə qarşı təhlükəyə çevrilərsə, biz o hədəfləri harda yerləşməsindən asılı olmayaraq, məhv etməyə məcbur olacağıq. Buna ordumuzun peşəkarlığı, hərbi arsenalı, milli ruh imkan verir. Bununla yanaşı, ölkəmiz yenidən müharibənin başlanmasını heç zaman istəmir. Amma bizi məcbur etsələr, ordumuz öz gücünü yenidən nümayiş etdirməyə də hər zaman hazır vəziyyətdədir".