Close

Su ehtiyatlarımız təhlükəli həddə çatır - Çıxış yolu varmı?

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev deyib ki, Azərbaycanda su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz, 2070-2100-cü illərdə isə 30-35 azalması gözlənilir.

Azərbaycan su eytiyatlarının azlığı problemi yaşayan ölkələrdəndir. Gələcəkdə mövcud ehtiyatların daha da azalması ölkəmiz üçün ciddi problemlər yarada bilər.

Mövzu ilə bağlı TNS-ə danışan Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov Azərbaycanda su çatışmazlığı məsələsinin kəskin hal aldığını deyib: “Bu problemlə bağlı uzun illərdir, araşdırmalar aparırırıq, açıqlamalar veririk. Qonşu ölkələrlə müqayisədə Azərbaycan az su təminatlı ölkələr sırasındadır. Ölkədə suya olan tələbatın artması, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri gələcəkdə Azərbaycanın su ehtiyatında daha böyük problemlər yarada bilər.

Hazırda dünyada iki təbii problem var. Onun biri - su, ikincisi - atmosferdə baş verən iqlim dəyişmələridir. XXI əsrdə su problemi ən aktual elmi-texniki məsələlərdəndir. Suyun və havanın təbii sərhədləri yoxdur. Bu baxımdan, regional və beynəlxalq əməkdaşlıq çox vacibdir. Artıq planetin hər 3 sakinindən biri su çatışmazlığını hiss edir. Əgər bu sahədə ciddi dönüş yaradılmasa, ekspertlərin hesablamalarına görə, 2025-2030-cu illərdə Yer kürəsi əhalisinin hər 3 nəfərindən 2-si su çatışmazlığı ilə üzləşə bilər. Hazırda dünya əhalisinin 40 faizinin yaşadığı 80-dək ölkədə ciddi su çatışmazlığı hiss olunur ki, bu da onların sosial-iqtisadi inkişafına təsir göstərir. Təəssüf ki, Azərbaycan da müasir tələb və təminat baxımından su ehtiyatları az olan ölkələr sırasına daxildir”.

Rza Mahmudovun sözlərinə görə, iqlimdə baş verən dəyişikliklər bu və ya digər formada su obyektlərinə təsir göstərir: "Son illər aparılan tədqiqatların nəticəsi göstərir ki, çaylarımızda hər il sululuğun 10-15 faizə qədər azalması müşahidə olunur.

Ölkəmizdə şirin su ehtiyatları, əsasən, çay və yeraltı sulardan ibarətdir. Təəssüf ki, regionumuzda orta illik yağıntının son illərdə azalması baş verir. Son 20 ilin müşahidələri göstərir ki, orta çoxillik yağıntının miqdarı 30-35 millimetrə qədər azalıb. Temperaturun və buxarlanmanın artması şirin su mənbələrini azaldan səbəblərdəndir. Məsələn, Kürün orta çoxillik su sərfi saniyədə 450-500 kubmetr idisə, hazırda çayda 50-60 faizə qədər su sərfi müşahidə olunur. Təbii ki, çoxsulu və azsulu illər olur.  Ölkəmizdə suvarma əkinçiliyi geniş inkişaf etdiyi üçün şirin su ehtiyatlarının azalması birbaşa buna da təsir edir. Su ehtiyatlarının azalması fonunda buna uyğunlaşma, sudan səmərəli istifadə olunması, su anbarlarının tikilməsi, idarəli istifadə kimi məsələlərə kompleks yanaşma lazımdır. Ölkəmizdə bir tərəfdən su ehtiyatlarının azlığı, digər tərəfdən təlabatın artması sudan isifadə məsələrini daha optimal həll yolları tapmağa vadar edir. Yeraltı, artezian sularından və alternativ su mənbələrindən istifadə olunmalıdır.

Ənənəvi suvarma əkinçiliyindən damcılı suvarma sisteminə keçmək su itkisinin qarşısını alır. Torpaq kanallar mütləq beton kanallar ilə əvəz edilməlidir. Bu da su itkisinin qarşısını ala bilər".

Texniki su ilə içməli suyu ayırmağın vacibliyini vurğulayan mütəxəssis bildirir ki, əksər sənaye mərkəzlərində, avtoyuma yerlərində içməli sudan istifadə edilir. O qeyd edib ki, inkişaf etmiş və etməkdə olan ölkələrdə bağ sahələrinin, yaşıllıqların suvarılmasında şirin sudan isitifadə olunmur. Bu ərazilərdə suyadavamlı bitkilər əkilir. Eyni zamanda şirin sulardan təmizlənmə yolu ilə yenidən də istifadə edilə bilər.

O qeyd edib ki, su ehtiyatlarından istifadədə israfçılığın qarşısını almaq üçün çıxış yolunu birgə tapmalıyıq: “Hər kəs gündəlik həyatında sudan istifadədə diqqətli davranmalı, üzərinə düşən vətəndaşlıq vəzifəsini yerinə yetirməlidir".

Aygün