Metro qatarlarında nasazlıq niyə yaranır? - SƏBƏB AÇIQLANDI
Sentyabrın 16-dan, yeni dərs ili başlayan gündən Bakı metropoliteni stansiyalarda sıxlığın aradan qaldırılması məqsədilə yeni qrafikə keçib. Tətbiq olunan qrafikə əsasən, qatarlar arasında interval 2 dəqiqəyə endirilib, ehtiyat qatarlar ehtiyac olduğu halda xəttə buraxılıb. Görülən tədbirlər nəticəsində metro stansiyalarında sıxlığın qarşısı alınsa da, problem tam həllini tapmayıb. Sentyabrın 16-dan sonra metro stansiyalarında hərəkətdə olan qatarlarda problem yarandıb. Sentyabırn 23-də iki qatarda baş verən nasazlıqlar intervalda gecikmələrə səbəb olub.
Maraqlıdır, Bakı Metropoliteninin stansiyalarına buraxılan qatarlar hər gün səhər saatlarında yoxlamadan tam keçdiyi halda, həmin qatarlarda niyə problem yaranır?
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov TNS-ə bildirib ki, hər gün səhər saatlarında qatarlar əvvəl tam yoxlanılır, sonra depodan buraxılır: “Yeni dərs ili başlayandan bu günə qədər bir dəfə qatarda problem yaranıb. Bununla bağlı da ictimaiyyətə məlumat verilib. Sentyabr 23-də səhər saatlarında vaqonlardan birinin qapısında problem yaranıb. Sərnişinlər qatardan düşürülüb, normativlərə uyğun olaraq, depoda baxış keçirilib. Əvəzində xəttə ehtiyat qatar buraxılıb.
Qapıdakı nasazlıq təhlükəsizliklə bağlı olduğundan vaqonlar xüsusi qaydada yoxlanılır. Son dövrlər qatarların qapı sistemində yeniliklər edilib. Bu səbəbdən qapılarda az halda nasazlıq yaranır. Bakı metropoliteninin istifadəsində olan qatarların qapılarında İtaliya istehsalı olan pnevmatik sistem tətbiq edilib. Qapılara pik saatlarda yaranmış sıxlıq zamanı fiziki təzyiqlər olsa da, nasazlıqların qarşısı maksimum alınıb”.
Metropoliten stansiyalarında pik saatlarda sıxlığın yaranmasına gəlincə, B. Məmmədov deyib ki, Bakı metropolitenində qatarların xəttə müəyyən buraxıcılıq gücü var: “Bundan artıq intervalın aşağı salınması mümkünsüzdür. Gur saatlarda ehtiyat qatarları xəttə buraxılır. Günorta saatlarından sonra ikinci dərs növbəsinə görə də metro stansiyalarında sıxlıq müşahidə edilir”.