“Azərbaycan çox böyük miqrant axınına məruz qala bilərdi”
Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında çıxışı zamanı bildirdi ki, sərhədlərin bağlı qalması Azərbaycanı təxribatlardan xilas edib.
Maraqlıdır, söhbət burada hansı təxribatlardan gedir?
Bu barədə TNS-in suallarını cavablandıran hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev deyib ki, sərhədlərin bağlı qalması birmənalı şəkildə təhlükəsizliklə əlaqədardır: “Bu barədə mütəxəssislər, o cümlədən mən dəfələrlə açıqlama vermişik. Sərhədlərin açıq qalması ölkə ərazisinə girişi kifayət qədər asanlaşdırır. Bu isə Azərbaycanın qələbəsini həzm etməyən bir çox böyük dövlətə ölkəmizə daxil olaraq, təxribat məqsədli fəaliyyətlər həyata keçirməyə imkan verə bilərdi”.
Ekspert əlavə edib ki, digər tərəfdən ətrafımızda baş verən çoxsaylı münaqişə fonunda Azərbaycanın çox böyük miqrant axınına məruz qalması mümkün idi: “Bu da bizim diqqətimizi əsas məsələlərdən, xüsusilə Ermənistanla davam edən mövcud gərgin vəziyyətdən, azad olunan ərazilərimizin bərpasından və vətəndaşlarımızın doğma yurdlarına qayıtması prosesindən yayındıra bilərdi”.