Close

Deputat: “Onlar üzdə düşmən, arxada dostdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan qeyri-stabil siyasət həyata keçirən ölkə liderlərindən biridir.

Bunu TNS-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O bildirib ki, qeyri-stabil siyasət həyata keçirən ölkə başçıları heç vaxt ciddi qəbul edilmirlər: "Paşinyanın mövqeyinə nəzər salsaq, görərik ki, onun səhərki fikri ilə axşamkı fikri arasında çox böyük fərq olur. Bu isə siyasi aləmdə ən az gülüş doğurur. Paşinyan aydın məsələdir ki, Rusiyanın layihəsi deyil. Onun Baş nazir olmamışdan əvvəl jurnalist fəaliyyətinə baxsaq, görərik ki, bu şəxs Avropa yönümlü şəxsdir. Bütün çıxış və məqalələrində Ermənistanın Avropa ilə bağlı olduğunu bildirib. Paşinyan Qərbin bir məhsuludur və ordan dəstəklənir. O, elə Qərbin dəstəyi ilə də hakimiyyətə gəldi. Hakimiyyəti dövründə də onun qarşısına konkret tapşırıqlar qoyulub. Bu tapşırıqlar Ermənistanı Rusiyanın caynağından qopararaq, Qərbə yönəltməkdir. Paşinyan bu yöndə siyasət qura bilməz. Çünki onda o qədər siyasi bilik və bacarıq yoxdur.

İkinci məsələ, Rusiya Ermənistana o qədər bağlı, Ermənistanın həyatı Rusiyadan o qədər asılıdır ki, Paşinyan birdən-birə Rusiya ilə əlaqələri kəsərək Qərbə meyl edə bilməz. Bu, həm də iqtisadi məsələlərdə özünü göstərir. Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi hər il durmadan artır. Bu gün Rusiyanın hərbi bazası Ermənistandadır. Rusiya sərhədçiləri Ermənistan sərhədini qoruyur. Ermənistan hakimiyyətində Rusiyaya meylli kifayət qədər şəxs var".

V. İskəndərov deyib ki, Paşinyan hazırda ikili oyun oynayır: "O, Rusiya ilə gizlində münasibət saxlamaqla, üzdə söz savaşı getsə də, pərdə arxasında Rusiyanın iqtisadi mənafeyi Ermənistan tərəfindən qorunmaqdadır. Hazırda çox maraqlı oyun gedir. Qərb də bu oyunu görür və hələ ki, irad tutmur".

vuqariskenderov

Paşinyanın KTMT-nin Ermənistan üçün təhdid olması ilə bağlı bəyanatına gəlincə isə millət vəkili qeyd edib ki, Baş nazir bununla bir karikatura effekti yaradıb: "Bu gülünc bir manipulyasiyadır. Rusiyalı siyasi icmalçılar bunu lağ obyektinə çeviriblər. Ermənistanın KTMT-də olması bu ölkəyə hava və su kimi lazımdır. Ermənistan KTMT-dən həmişə özünü müdafiə kimi istifadə edib və düşünüb ki, sona kimi də belə olacaq. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti, Rusiya ilə münasibətləri nəticəsində Rusiya və KTMT Ermənistanın bu terrorçuluq siyasətinə həmişə şərik olmadı".