Close

Deputat: “Buna cəhd edən peşman olacaq”

İsveçrə kimi bir dövlətin Azərbaycanın daxili işinə qarışması gülüncdür.

Bunu TNS-ə deputat Fazil Mustafa İsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkənin hökumətinə 2024-cü il sentyabrın 19-da göndərdiyi, məzmunca Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddialar ehtiva edən sorğusuna münasibət bildirərkən deyib.

Fazil Mustafa bildirib ki, bu sorğunun Azərbaycana təsiri sıfra bərabərdir: "Nəticə nə olacaq? Avropa İttifaqı ərazisində və Avropa Parlamentində Azərbaycana təzyiq mexanizmləri dəfələrlə düşünülüb. Sonradan yenə Azərbaycanla hansısa müqavilələrin imzalanmasında uzlaşmaya gəliblər. Bu məsələ də eyni qaydada olacaq.

Mənim fikrimcə, bu üsulla Azərbaycana hər hansı formada təzyiq göstərmək cəhdi bir az gecikib. Əsas odur ki, torpaqlarımız işğaldan azad olunub, pərt vəziyyətdədirlər. Erməni toxumunu özünə bir qida, həyat mənbəyi kimi görənlər hələ də anlamırlar ki, bu bölgədə Azərbaycanı hansısa formada sıxışdırmaq mümkün deyil. Biz öz dəsti xəttimizi yenə qoruyub saxlayacağıq. Bütün hallarda Azərbaycan cəmiyyətinin gələcəyi Azərbaycanda həll olunur, İsveçrə parlamentinin hansısa qərarı bizə təsir edəcək gücə malik deyil. Heç kim bizim daxili işimizə bu qədər bayağı formada qarışmaq imkanı əldə etməyəcək. Edən isə peşman olacaq".