Close

Suverenliyimizin bərpası daha güclü Azərbaycana doğru gedən yolun başlanğıcıdır

Suverenliyimizin bərpası - Azərbaycan ərazisində separatizmin kökünün kəsilməsi, bunu ağlının ucundan keçirənlərə verilmiş əbədi dərsdir!

Suverenliyimizin bərpası - 1988-ci ildə Topxana meşəsində yerli əhali tərəfindən toxunulmaz hesab edilən, yersiz və soysuz əhali tərəfindən kəsilən ağacların yenidən əkilməsi,  1989-cu ilin 23 sentyabrında Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edilmiş "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanununun kağız üzərindən çıxarılıb, həyata keçirilməsi, 1990-cı il noyabrın 17-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yenidən ucaldılmış üçrəngli bayrağımızın Vətənin hər bir qarışında dalğalanması, 20 Yanvar şəhidlərinin ruhunun aramlıq tapmasıdır!

Suverenliyimizin bərpası - 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Xankəndinin xilası, boynumuzun arxasına 1992-ci ilin 26 fevralında düşmüş xocalılı qızın qanının ləkəsinin silinməsi, 1993-cü ilin iyununda Azərbaycan xalqının etdiyi taleyüklü seçimin nə qədər doğru olduğunun sübutudur!

Suverenliyimizin bərpası - 1994-cü ilin sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"nin Azərbaycana qazandırdığı iqtisadi müstəqilliyin nəticəsi, 1995-ci ilin noyabrında qəbul edilən və baş müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikası Konstitusiyasının ölkəmizin bütün ərazisində tətbiq edilməsidir!

Suverenliyimizin bərpası - 1996-cı ildə ATƏT-in Lissabon Zirvə Toplantısında Heydər Əliyevin dediyi "Biz heç vaxt yol verə bilmərik ki, Azərbaycanın ərazisində ikinci erməni dövləti yaransın", - sözünün üstündə Azərbaycan dövlətinin necə möhkəm dayandığının göstəricisidir.

Suverenliyimizin bərpası - 1997-ci ilin dekabrında imzalanan “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Prezident fərmanı əsasında fəaliyyətlərin aktivləşdirilməsini zəruri edən hadisə, 1998-ci ildə Şəhidlər xiyabanında ucaldılan abidənin və əbədi məşəlin hər gün bizə xatırladığı dərsi öyrəndiyimizin və o dərsdən millətimizin əla qiymət almasının göstəricisi, 1999-cu ildə yaradılan "Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu"na artıq ehtiyacın qalmamasıdır!

Suverenliyimizin bərpası - 2000-ci ildə dahi Heydər Əliyevin yeni minillik münasibətilə Azərbaycan xalqına müraciətində dediyi "İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır!" - cümləsindəki inamın doğrulmasıdır!

Suverenliyimizin bərpası - 2001-ci ildə Bakıda Dünya azərbaycanlılarının I qurultayında müəyyənləşdirilən müqəddəs məqsədlərə gedən yolun açarının tapılması, 2002-ci ildə “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri - Bakı-Tbilisi-Ceyhanın çəkilməsinin nəticəsidir!

Suverenliyimizin bərpası - 2003-cü ildə Ümummillli Lider Heydər Əliyevin dediyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək!" - kəlamının sübutudur!

Suverenliyimizin bərpası - 2004-cü ildə xanım Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan və Azərbaycanın yumuşaq güc siyasətinin flaqmanı olan Heydər Əliyev Fondunun məqsədlərinə çatması, ölkənin və dünyanın ən müxtəlif nöqtələrinə olduğu kimi, doğma Xankəndiyə, Xocalıya, Ağdərəyə mədəniyyəti, təhsili, elmi qaytarması, 2005-ci ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdəki arzuların, ümidlərin gerçəkləşməsidir!

Suverenliyimizin bərpası – 2006-cı ildə Prezident İlham Əliyevin Antalyada Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında dediyi “Biz Türk dünyasını daha da mütəşəkkil şəkildə birləşdirməliyik və Türk dünyasında gedən proseslərə biganə qalmamalıyıq. Əminəm ki, birgə səylər nəticəsində türk dünyası dünyada çox böyük imkanlara, çox güclü siyasi mövqeyə malik olacaq və beləliklə, bizim işlərimiz daha da uğurla həyata keçiriləcəkdir!” – cümləsindəki inamdır!

Suverenliyimizin bərpası – 2007-ci ildə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidə üzərində həkk olunmuş “İstiqlal bəyannaməsi” (1918) müəliflərinin ruhuna ən böyük ehtiram, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılışı edilən Bakı Beynəlxalq Muğam Mərkəzində dəfələrlə səslənən Qarabağ şikəstəsinin Xankəndiyə qayıdışıdır!

Suverenliyimizin bərpası – 2009-cu ildə qəbul edilən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həm də Xankəndinin azadlığına hesablandığını sübut edən fakt, 2010-cu ildə Bakıda yaradılan Dövlət Bayrağı Meydanının Xankəndidə də yaradılmasına imkan verən hadisədir.

Suverenliyimizin bərpası – 2011-ci il oktyabrın 24-də ilk dəfə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilən Azərbaycanın işğal edilmiş ərazilər haqqında qəbul edilmiş BMT sənədlərinin icrası ilə bağlı son nöqtənin qoyulması,  2012-ci ildə Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1”-in orbitə çıxarılmasının nəticəsidir.

Suverenliyimizin bərpası – 2014-cü ildə cənab İlham Əliyevin Serj Sarkisyana dediyi “Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam!” - cümləsinin yeni mənada yenidən və daha yüksəkdən səslənməsidir!

Suverenliyimizin bərpası – 2015-ci ildə Azərbaycan keçirilən Avropa Oyunlarında qazanılan qələbənin əks-sədasının Xankəndiyə gəlib çatmasıdır!

Suverenliyimizin bərpası – 2016-cı ildə aprel döyüşləri və Günnüt əməliyyatı ilə Qarabağa doğru çıxdığımız yolun uğurlu sonudur. Eyni zamanda yeni yolların başlanğıcıdır. 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryoluna paralel neçə-neçə yeni yolların açılması və çəkilməsi üçün prespektivlərin açılması deməkdir.

Suverenliyimizin bərpası – 2018-ci ildə imzalanan “Xəzərin hüquqi statusu haqqında” Konvensiyanın, orbita buraxılan ikinci peykimizin, Cənub Qaz Dəhlizinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının açılmasının, Azərbaycanın dünyada ən çox islahat aparan ölkəyə çevrilməsinin məntiqi nəticəsidir.

Suverenliyimizin bəprası – 2019-cu ildə Qoşulmama Hərəkatına sədrliyi təhvil alan cənab İlham Əliyevin üzvlərinin sayına görə dünyanın ən böyük ikinci təşkilatında yürütdüyü uğurlu diplomatiyanın nəticəsi, Valday Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır!” kəlamının əks sədasıdır! Bir AZƏRBAYCAN KİŞİSİNİN, HEYDƏR ƏLİYEVİN OĞLUNUN verdiyi sözün üstündə necə dayandığının sübutudur!

Suverenliyimizin bərpası – 2020-ci ildəki 44 günlük Vətən müharibəsində Ermənistanın başına enən, belini qıran, “Dəmir yumruğun” yerində olduğunun göstəricisidir. Şəhidlərimizin qanının alınmasının simvoludur.

Suverenliyimizin bərpası - 2021-ci ildə Türkiyə ilə imzalanan “Şuşa bəyannaməsi”ndən Türk dövlətlərinin imzaladığı “Qarabağ bəyannəməsi”nə gedən yol, 2022-ci ildə keçirilən “Qisas” əməliyyatı ilə başlayan prosesin son akkordudur.

Suverenliyimizin bərpası - İlham Əliyevin mahiyyət etibarilə sadəcə Azərbaycan Respublikasının Prezidenti deyil, XXI əsrdə bütün dünya azərbaycanlılarının əbədi yenilməz lider olmasının göstəricisidir. Bu, həm də mahiyyət və keyfiyyət etibarilə daha böyük, daha güclü Azərbaycana doğru gedən yolun başlanğıcıdır!

Sağ olun, cənab Ali Baş Komandan, millətimizin başını uca etdiniz, başınız hər zaman uca olsun! Əziz şəhidlərimizə rəhmət, qazilərimizə hörmətlə...

Elnur Kəlbizadə

AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, Milli Aviasiya Akademiyasının dosenti

elnurkelbizade_1