Close

23:50
19 Sentyabr 2024

“SEPAH generalının işğal bəyanatına İran münasibət bildirməlidir”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı və sabiq parlament üzvü Mənsur Həqiqətpur özünün X hesabında Zəngəzur dəhlizi ilə bağlı həddini aşan paylaşım edib. O, ölkəsini Cənubi Qafqazı işğal etməyə çağırıb. Bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Zəngəzur dəhlizi ilə bağlı İranın milli mənafeyinə zidd mövqe tutub. "Tarixə nəzər salsaq, görərik ki, bu dəhliz Moskvanın təhlükəsizliyini təmin etmək üçün SSRİ tərəfindən qurulub. Keçmiş razılaşmalar ləğv ediləcəyi təqdirdə Qafqazın 17 şəhəri İrana qaytarılmalıdır".

Deputat Aydın Mirzəzadə məsələ ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, adıçəkilən şəxsin dövlətin xarici siyasətini müəyyənləşdirməyə ixtiyarı yoxdur: "İstənilən dövlətin xarici siyasətini rəsmi hakimiyyət orqanı müəyyənləşdirir, silahlı qüvvələrinin generalı yox. Bu gün Azərbaycan üçün vacib olan İranın hakimiyyət orqanının ölkəmizlə bağlı söylədiyi fikirlər və ortaya qoyduğu mövqedir. Ayrı-ayrı İran generallarının Azərbaycanla bağlı səlahiyyətlərinə aid olmayan bəyanatlar verməsi məsələsinə isə İranın hakimiyyəti orqanları münasibət bildirməlidir".