Close

22:00
18 Sentyabr 2024

Paşinyan Xocalı qatillərini həbs etdirir?

Ermənistan Kassasiya Məhkəməsi ölkənin ikinci prezidenti olmuş Robert Köçəryan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və baş nazirin sabiq müavini Armen Gevorqyanın işinə xitam verilməsi barədə 2021-ci il qərarını ləğv edib. İş yeni istintaqın aparılması üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.

Belə olan halda Xocalı qatilləri həbs edilə bilərmi?

Siyasi şərhçi Əziz Əlibəyli TNS-ə bildirib ki, 2008-ci ilin fevral Ermənistanda keçirilən prezident seçkiləri zamanı ölkənin Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səslə qalib gəldiyini elan edib: "Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu bildirərək, nəticələri tanımadığını açıqladı.

İndiki Paşinyan iqtidarı məhz Ter-Petrosyan siyasi xəttinin davamı olduğuna görə, həmin illərin revanşını alır.

İkincisi, general Xaçaturovun da yer aldığı siyahıdakı şəxslərin hamısı demək olar ki, əvvəlcə Qarabağda bizə qarşı, sonra isə Ermənistana rəhbərlik etdikləri dövrdə saysız-hesabsız cinayətlərə imza atıblar.

Üçüncüsü, həmin şəxslər Rusiyadan dəstək alırlar, Ermənistanın qaçaqmal bazarına - qızıl, brliyant və çirkli pulların yuyulmasında iştirak edirlər. Bu prizmadan da Nikol Paşinyan iqtidarı dövriyyəni ələ keçirməyə çalışan şəbəkəyə aiddir”.

Ekspertin sözlərinə görə, daim kəskinləşən Rusiya – Ermənistan münasibətləri fonunda sözügedən məhkəmə prosesi Moskvaya təzyiq aləti kimi mövcud olacaq: “Açığı, həmin şəxslərin birfədəlik həbsindənsə illərlə uzanan məhkəmə prosesi iqtidarın imkanlarını daha çox artırır".