Close

Ermənistanın “sülh” oyunu – Natamam sənədlə nəyə nail olmaq istəyirlər?

“Ermənistan tərəfindən sülh müqaviləsinin 13 bəndi haqqında deyilənlər və 3 bəndin razılaşdırılmadığına dair səsləndirilən fikirlər ənənəvi olaraq rəsmi İrəvanın manipuliativ mövqeyini ifadə edir”.

Bunu TNS-ə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O hesab edir ki, razılaşdırılmayan 3 müddəa Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Ermənistanın müstəqillik bəyannaməsi və digər hüquqi normativ aktları ilə bağlıdır: “Əgər Azərbaycan ərazilərinin işğalı prosesini və uzun illər boyu davam edən təcavüz nəticəsində 1 milyon insanın didərgin düşməsini, digər amilləri nəzərə alsaq, həm birinci, həm də ikinci Qarabağ müharibəsinin əsas səbəbi məhz Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, buna söykənən təcavüzkar siyasət yürütməsidir. Belə olan halda Ermənistan öz konstitusiyasında və digər normativ aktlarında dəyişiklik etmədən bu ölkə ilə sülh müqaviləsi imzalamasının heç bir perspektivi yoxdur. Ermənistanda hakimiyyətə gələn istənilən qüvvə ölkə konstitusiyasının bütün sənədlərdən ustün olmasını, imzalanacaq sülh sazişinin konstitusiyaya zidd olduğunu "əsas" gətirərək müqavilədən birtərəfli qaydada çıxa bilər. Buna görə də Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi barədə öhdəliklərin yer almadığı istənilən sənəd mahiyyət etibarilə heç bir qüvvəyə malik deyil".

elcinmirzebeyli

Politoloq bildirib ki, Ermənistan yarımçıq sülh müqaviləsi bağlayaraq, gələcəkdə özü üçün həm revanşçı meyllərini davam etdirmək planı cızır, həm də onu himayə edənlərin maraqlarını qorumağa çalışır.