Close

21:58
17 Sentyabr 2024

Xisləti dəyişməyən Avropa - Azərbaycana qarşı qarayaxma kampaniyasının səbəbi nədir?

“Avropa İttifaqının əksər institutlarının Azərbaycana münasibətində, o cümlədən ölkəmizin də adının keçdiyi hesabatlarında ikili standartlar var və bu, illərdir, davam edir".

Bunu TNS-ə açıqlamasında siyasi şərhçi, "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.

O bildirib ki, Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatına dair Avropa İttifaqının Azərbaycanla bağlı çıxışı qərəzli və ədalətsizdir: "Halbuki, bundan əvvəlki bəyanatlara Azərbaycan tərəfindən tutarlı faktlarla cavab verilib. Amma Avropa İttifaqında bunu görməzdən gəlirlər, əvəzində qonşumuz Ermənistanda baş verən hüquq pozuntularına, insan haqlarının ayaqlar altına atılmasına lazımi reaksiyanı vermirlər, hesabatlarında bu faktların heç biri qeyd edilmir. Deməli, ayrı-seçkilik, qərəz var. Ümumi olaraq götürsək, demokratiyadan danışan Avropanın adına yaraşmayan çirkin oyunlar oynanılır”.

behruz_quliyev

B. Quliyev qeyd edib ki, Avropa İttifaqı Azərbaycana irad tutmaq əvəzinə, üzv ölkələrdə baş verənlərə münasibət bildirsə, daha yaxşı olar: “Fransada “sarı gödəkçəlilər”in böyük aksiyaları baş verdi, insanları atların ayaqları altına salıb əzən, öldürən, həbsxanaya salan fransız polisi idi. Niyə Avropa İttifaqının səsi çıxmadı, niyə insan haqları yada düşmədi? Fransa yerli xalqlara zülm verir, onlara qarşı irqi ayrı-seçkilik edir, səsvermə hüquqlarını pozur. Avropa yenə susur. Avropa Parlamentindəki rüşvət, korrupsiya qalmaqalı hələ də müzakirə edilir. Miqrantlara qarşı dözümsüzlük, dini, irqi, milli ayrı-seçkilik baş alıb gedir. Bəs, bütün bunlara Avropa və onun institutları nə vaxt reaksiya verəcək? Azərbaycanda Avropanın bəzi ölkələrindəki sadaladığım vəziyyətlə bağlı problemlər mövcud deyil. İnsanlara qarşı ayrı-seçkilik, insan haqlarının pozulması ilə bağlı faktlar yoxdur. Əlbəttə, ideal dövlət və cəmiyyətin olduğuna heç kim iddia etmir. Amma ölkəmizdə cəmiyyətin sağlamlıq səviyyəsi Avropadakından xeyli yüksəkdir.  Azərbaycanda yaşayan müxtəlif xalqlarının nümayəndələri 44 günlük müharibədə düşmənə qarşı bir oldular, ham bir nəfər kimi Prezidentinin, Ali Baş Komandanının əsgərinə çevrildi. Bu, Avropa İttifaqının bizə qarşı qərəzini bir az daha artırdı. Ermənistan üzərində şanlı qələbəmiz isə Avropanın bəzi qüvvələrini bizə qarşı düşmənə çevirdi. Onların sevimli Ermənistanında da bu gün hər addımda insan haqqı pozulur, amma Avropa bunu görməzdən gəlir. Məqsəd məlumdur, Azərbaycanı təzyiq altında saxlamaq, qarşıdan gələn COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını genişləndirmək, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaqdır”.