Close

21:58
17 Sentyabr 2024

ABŞ-nin ən dəhşətli günü – “11 sentyabr” müəmması hələ də davam edir

Tam 23 il əvvəl bu gün dünyada bir dönüş nöqtəsi oldu. Dünyanın super gücü ABŞ günə böyük fəlakətlə başladı. 11 sentyabr 2001-ci tarixi ABŞ tarixinə ən dəhşətli gün kimi yazıldı…

Həmin gün terrorçular ABŞ-yə məxsus sərnişin təyyarələrini qaçıraraq, Nyu-Yorkdakı iki göydələnə çırpdı, nəticədə minlərlə insan həlak oldu. Bu, dünya tarixində ən böyük terror aktı kimi qeydə alındı.

q1

Hadisəni törədən “əl-Qaidə” terror terror təşkilatının məqsədi ABŞ-ın iqtisadi və hərbi gücünün heç də iddia olunduğu kimi məğlubedilməz olmadığını dünyaya göstərmək idi.

TNS həmin hadisələri bir daha oxucuların diqqətinə çatdırır.

O gün ABŞ-nin şərq sahilləri üzərində uçan dörd təyyarə eyni vaxtda qaçırılıb. Terrorçular daha sonra bu təyyarələrdən raket kimi istifadə edərək, onları Nyu York və Vaşinqtondakı simvolik binalara çırpıb.

Təyyarələrdən ikisi Dünya Ticarət Mərkəzinin Nyu-Yorkdakı binaları olan “Əkiz Qüllələr”ə çırpılıb. Birinci təyyarə səhər saat 08.46-da Şimal, ikinci təyyarə isə 09.03-də Cənub Qülləsini hədəf alıb.

Binalar yanmağa başlayanda yuxarı mərtəbələrdə işləyən insanlar çıxılmaz vəziyyətdə qalıb. İki saatdan az müddətdə 110 mərtəbəli iki göydələn uçaraq nəhəng toz buludu yaradıb.

Saat 09.37-də üçüncü təyyarə paytaxt Vaşinqton yaxınlığında ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasının qərb hissəsinə çırpılıb.

Dördüncü təyyarə isə sərnişinlərin müdaxiləsi ilə saat 10.03-də Pensilvaniyada açıq sahəyə çırpılıb.

İddia edilir ki, əgər müdaxilə olmasa, həmin təyyarə paytaxtdakı Konqres binasına çırpılacaqdı.

Bu hücumlarda 19 terrorçudan başqa, 2977 nəfərin öldüyü açıqlanıb. Ölən və yaralananların 77 müxtəlif ölkənin vətəndaşları olması müəyyənləşib.

***

Hadisədən qısa müddət sonra hücumların planının Əfqanıstanda hazırlandığı, “əl-Qaidə” lideri Usamə bin Laden tərəfindən idarə edildiyi ortaya çıxdı.

q4

Təbii ki, ABŞ-nin cavab tədbirləri gecikmədi. 2001-ci ilin oktaybrında ABŞ-nin o vaxtkı Prezident Corc Buşun rəhbərliyi və koalisiya qüvvələrinin dəstəyi ilə Əfqanıstana hücum edildi.

Çünki Usame bin Laden və terror təşkilatının digər rəhbər şəxslərinin Əfqanıstanda gizləndiyi ehtimal olunurdu. Əfqanıstanda silahlı qarşıdurmalar uzun illər davam etdi. 2011-ci ildə ABŞ xüsusi xidmət orqanları Usame bin Ladenin Pakistanın Əfqanıstanla sərhədində yerləşən Abbotobad şəhərində gizləndiyini müəyyənləşdirdi. Mayın 2-də ABŞ xüsusi təyinatlıları “əl-Qaidə” rəhbərinin ailəsi ilə birlikdə gizləndiyi evdə gizli əməliyyat keçirdi. Nəticədə bin Laden və ailəsinin bir neçə üzvü öldürüldü.

2001-ci ilin oktyabrında Əfqanıstana daxil olan ABŞ ordusu 20 il orada qaldı. Bu müddətdə Əfqanıstan tərəfdən təxminən 172 min insan həlak oldu. ABŞ isə 2500-ə yaxın hərbçisini itirdi.

q5

11 sentyabr hücumlarını planlaşdırdığı iddia edilən Xalid Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda tutuldu. O vaxtdan indiyədək Quantanamo həbsxanasında saxlanılan Şeyx Məhəmməd hələ də hakim qarşısına çıxarılmayıb.

ABŞ Əfqanıstandan sonra 20 mart 2003-cü il tarixdə İraqa qarşı hərbi əməliyyata başladı. Əməliyyata səbəb kimi İraqın o zamankı lideri Səddam Hüseynin “əl-Qaidə”ni dəstəkləməsi və İraqda kimyəvi silahların olması göstərildi. Bu hücum 30 ildən çox İraqa rəhbərli etmiş Səddam Hüseynin hakimiyyətinin devrilməsi və edamı ilə nəticələndi. ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində Səddam Hüseyn 2003-cü il dekabrın 13-də Tikritdə həbs olundu, İraq məhkəməsinin hökmü ilə 2006-cı il dekabrın 30-da edam edildi.

ABŞ əsgərləri 30 avqust 2021-ci ildə Əfqanıstandan çıxarıldı. Bundan sonra ölkə Talibanın nəzarətinə keçdi.

“Əl-Qaidə”yə gəlincə, indiyədək liderləri məhv edilsə də, terror qruplaşması mövcudluğunu davam etdirir. Terror təşkilatı xüsusilə, Afrikanın sub-Sahara bölgəsində güclüdür. Onun Əfqanıstan daxilində hələ də üzvləri var.

****

Maraqlıdır ki, aradan 23 il keçməsinə baxmayaraq, “11 sentyabr” müəmması hələ də tam açılmayıb. Nə qədər güclü olursa olsun, bir terror təşkilatının belə böyük hücum hazırlayıb, həyata keçirməsi, bundan heç bir dövlətin xüsusi xidmət orqanlarının xəbər tutmaması, indiyədək hadisənin detallarının tam açıqlanmaması çoxsaylı suallar yaradır.