Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Ermənistan Qərbə nə qədər yaxınlaşacaq? - Paşinyan Rusiyanı satacaq

Ermənistanın Baş naziri Nikol Paşinyanın bütün addımları bir "metr" də olsa, Rusiyadan uzaqlaşmağa yönəlib.

Bunu TNS-ə açıqlamasında "Bakı xəbər"qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, hətta onun Tavuşun Azərbaycanla sərhəd kəndindəki orta məktəbə gəlişi də bu məqsədə xidmət edir: "O məktəbdə dedi ki, Azərbaycanla sərhəddən 60-70 metr aralıda olsa da, bu kənd hələ heç vaxt indiki qədər təhlükəsiz olmayıb. Yəni Paşinyan mesaj verdi ki, sərhədin bu hissəsini onun özü Rusiyasız delimitasiya edib. Ümumiyyətlə, Rusiya olmadan həyata keçirilən bütün layihələr bu cür uğurlu və təhlükəsiz olacaq. Axı sərhədlərin delimitasiyasının Rusiyasız aparılması Paşinyanın özünün də ürəkdən qəbul etdiyi formatdır. Eləcə də, Avropa İttifaqına üzv olmaqda Paşinyanın məqsədi Rusiyadan uzaqlaşmaq, eyni zamanda Ermənistanda Avropanın mövqeyini möhkəmləndirməkdir. O, “biz Avropa İttifaqına Avropanın istədiyi qədər yaxın olacağıq”, - fikrini təsadüfən deməyib. Yəni demək istəyir ki, hər şey Avropadan asılıdır, onlar hər şeyi Avropanın ixtiyarına buraxıblar. Necə ki, Rusiyanın Gümrüdəki hərbi bazasına əks-balans qüvvə kimi Avropa İttifaqının mülki-siyasi missiyasını Ermənistana gətirdi, eləcə də Rusiyanın Avrasiya İqtisadi Birliyinə əks-balans kimi Avropa İttifaqını öz ölkəsinə gətirmək istəyir. Paşinyan eyni vaxtda həm Rusiyanın, həm də Avropanın hərbi- siyasi və iqtisadi qurumları ilə anlayış içində olması azərbaycanlıların məşhur "yağın çoxluğunun plova ziyanı yoxdur" prinsipinə əsaslanır. Ancaq bu, onun müvəqqəti taktikasıdır, fürsət düşən kimi Rusiyanı Qərbə "keçi qiymətinə" satacaq".

aydin-quliyev

Rusiyanın Gümrüdəki hərbi bazasına gəldikdə, baş redaktor bildirib ki, Paşinyan sürətlə onun da alternativini yaradır: "Artıq ölkədə Avropa dövlətlərinin və ABŞ-nin hərbi strukturlarını yerləşdirməyə başlayıb. Paşinyan Ukrayna müharibəsinin sonuna kimi Ermənistanda Rusiya hərbi bazasına alternativ Qərb strukturlarını lazımi səviyyədə qurmağa və möhkəmləndirməyə çalışır. Ukraynada müharibə davam etdiyindən Rusiyanın buna mane olmaq imkanları məhduddur. Müharibə başa çatanda isə Rusiyanın buna qarşı hərəkət etməsi imkanları olmayacaq. Paşinyan az qala riyazi hesablamalar aparır".