Close

"8-ci kilometr" bazarında 8 manatlıq "ət" - Sağlamlığımız ciddi təhlükə altındadır

Satışda mal ətinin 1 kiloqramının qiymətinin 14-16, quzu ətinin qiymətinin isə 20 manat olduğu halda, "8-ci kilometr" adlanan bazarda bu qəbildən olan ətlər 8-12 manata satılır. Necə olur ki, bazarda bu cür ucuz ət satılır? Bu cür məhsulların sağlamlığımızı təhdid etmədiyinə kim zəmanət verə bilər?

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) TNS-ə bildirilib ki, məhsulların bazarda hansı qiymətə satılması AQTA-nın səlahiyyətlərinə aid olmayan məsələdir. Ucuz ətlərin keyfiyyətinə gəlincə, qeyd edilib ki, qida sahəsində təhlükəsizliklə bağlı məlumat olarsa, alıcılar və yaxud hər hansı bir vətəndaşın AQTA-nın 1003 qaynar xəttinə müraciət etməsi mümkündür. Əlavə olunub ki, yalnız müraciətdən sonra araşdırma aparılıb məlumat verilə bilər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov TNS-ə deyib ki, rəsmi qurumların bu sahədə birtərəfli, yalnız bazara hesablanmış siyasəti istehlakçı hüquqlarının inkarı ilə nəticələnib: “İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (ötən həftə ölkə başçısının imzaladığı fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb – red.) heç bir şeyə nəzarət etməməsi onunla nəticələnib ki, ölkədə istənilən ətin satışına qadağa yoxdur. Qanunvericiliyin tələbinə görə, sadəcə, satdığın məhsulun hansı heyvanın əti olduğunu yazmalısan, vəssalam. Bunu yazmasan, istehlakçını aldatmaq hesab oluna bilər”.

AİB sədri bildirib ki, bu sahədə vəziyyətin necə olduğunu Daxili İşlər Nazirliyinin zaman-zaman üzə çıxardığı faktlar ortaya qoyur: “Nazirlik araşdırmalar aparır. Xüsusilə regionlarda at, eşşək, ölmüş heyvan ətlərinin satıldığı ilə bağlı problemlərin olduğu və davam etdiyi məlum olur. Bu dövlət qurumu başqa qurumlardan fərqli olaraq, onları cərimə edib, buraxmır. Cinayət işi başladır, həbslər həyata keçirir. Təəssüf ki, bu sahədə böyük problemlər var. Şübhəsiz ki, “8-ci kilometr” bazarına da bu cür ətlərin gəlib çıxdığı istisna deyil. Bir məsələni də qeyd etmək lazımdır ki, qoca heyvan ətini heç bir qəssab götürmək istəmədiyi üçün həmin ətlər ucuz qiymətə satıla bilir. Lakin “8-ci kilometr” bazarında mənşəyi məlum olmayan hər cür ətin, bəzən də qarışıq şəkildə ətlərin satıldığı istisna olunmur. Bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əli-qolu bağlıdır. Hökumətin bizneslə bağlı mövcud siyasəti AQTA-ya aid olmamalıdır.

Bu qurum cəld yoxlama mexanizminə malik olmalıdır. İstənilən vaxt gedib yoxlama aparmalıdır. Lakin indiki halda bu, mümkün deyil. Gərək, onlar Ədliyyə Nazirliyinə müraciət etsinlər, nazirlik isə qarşı tərəfi yoxlama gəldiyi ilə bağlı məlumatlandırsın. Bu cür yoxlama olmaz. Bu sahədə bürokratik mexanizm aradan qaldırılmalıdır. Nəinki “8-ci kilometr” bazarı, ümumiyyətlə qida sahəsində vəziyyət çox gərgindir”.

AİB sədri hesab edir ki, AQTA-nın əsasnaməsi mütləq dəyişilməlidir: “Ölkədə məhsulun keyfiyyətinə heç kim nəzarət etmir. AQTA qidanın ancaq təhlükəsizliyinə nəzarət edir. Yəni, yediyin yerdə öldürməsin, vəssalam. Keyfiyyətsiz qida insanları tədricən öldürür. Təsadüfi deyil ki, xəstəxana və apteklərdə növbələr yaranır”.

Aygün