Close

İran nədən narahatdır? - Molla rejimi regionun təhlükəsizliyinə təhdiddir

İran xarici işlər naziri Abbas Araqçi ötən gün sosial şəbəkə hesabında bildirib ki, qonşu dövlətlərin ərazi bütövlüyünə Şimaldan, Cənubdan, Şərqdən və ya Qərbdən hər hansı təhlükə, sərhədlərin dəyişdirilməsi ölkəsi üçün tamamilə qəbuledilməzdir və “qırmızı xətdir”.

Sirr deyil ki, ad çəkilməsə də, İran XİN başçısı bu bəyanatla Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin və Zəngəzur dəhlizinin açılmasından narahatlığını ifadə edib.

İranı bu məsələdə ən çox narahat edən nədir?

“Orta Doğu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan TNS-in mövzu ilə bağlı sullarına cavabında deyib ki, Zəngəzur yolunun açılması İranın Ermənistana yolunu bağlaya bilər. İranın narahatlığının əsas səbəbi budur.

“Dövlətlərin ərazi bütövlüyünün pozulmasının, sərhədlərinin dəyişməsinin əleyhinə olduğunu iddia edən İran hakimiyyəti niyə Birləşmiş Ərəb Əmirlikləri ilə 3 ada məsələsində hələ də razılaşa bilmir? Bu adaların Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu deyən Rusiya, Çin kimi tərəfdaş ölkələrə az qala müharibə elan edir?

Təhlükəsizlik məsələsinə gəldikdə, Tehran hakimiyyəti region üçün təhlükəsizliyi təhdid edən başlıca mənbədir.

Azərbaycanda “5-ci kolon” yaradır, İraqda, Suriyada, Livanda, digər dövlətlərdə silahlı birləşmələr saxlayır. HƏMAS-ı, “Hizbullah”ı, husiləri maliyyələşdirir, silahlandırır. Qonşu ölkələrin təhlükəsizliyindən narahat olan dövlət niyə belə addımlar atır?

Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qalanda rəsmi Tehranın qonşu ölkələrin təhlükəsizliyi və ərazi bütövlüyü heç yadına düşmürdü.

“İsrailə ölüm!”, “İsrail yox olmalıdır!” şüarı ilə çıxış edən Tehran hakimiyyəti onun dünya xəritəsindən silinməsini istəyir.

Deməli, Tehran hakimiyyəti səmimi deyil.

Əslində İran regionda sərhədlərin dəyişdirilməsi uğrunda müharibələr aparır. HƏMAS, “Hizbullah” kimi qüvvələr yetişdirib, qarışıqlıq yaradır.

Bütün bunlar onu deməyə əsas verir ki, Araqçinin qonşu ölkələrin təhlükəsizlik məsələsinin İran üçün prioritet olması barədə bəyanatı saxtadır”, - deyə o bildirib.

ss

Politoloq vurğulayıb ki, bu bəyanatın verilməsinin əsas səbəbi Zəngəzur dəhlizidir: “Ermənistan tərəfi bəyan edib ki, ola bilsin, kommunikasiya xətlərini xarici özəl təhlükəsizlik şirkətləri mühafizə etsin.

Xarici özəl şirkət dedikdə isə onlar ilk növbədə ABŞ və Avropa İttifaqını nəzərdə tutur. Tehranın da qorxusu yolun ABŞ-nin, Qərbin nəzarətinə keçməsidir.

Rusiyanın Paşinyanın Azərbaycanla müzakirələri üçüncü tərəfin iştirakı olmadan aparmaqla bağlı çıxışına “nə istəyirsiniz, edin”, - kimi reaksiya verməsi Moskvanın bu məsələyə “yaşıl” işıq yandırmasıdır. Deməli, Zəngəzur yolu açılması ilə bağlı Tehran hakimiyyəti tək qalır. Araqçi ona görə hay-küy salıb ki, guya dünyada ərazi bütövlüyü və sərhədlərin dəyişməməsi uğrunda mübarizə aparan yeganə dövlət İrandır.

Gerçək səbəb isə ABŞ və Qərbin yola nəzarət etməsi ehtimalıdır.

Məlum üçtərəfli 10 noyabr sazişinin 9-cu maddəsində göstərilirdi ki, yola nəzarəti Rusiya sərhədçiləri həyata keçirəcək. Görünür, Rusiya artıq bundan imtina edib”.