Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Yeni və köhnə parlament – Kimlər getdi, kimlər qaldı?

Məlum olduğu kimi, sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələri elan olunub. Bütün seçki dairələri üzrə lider namizədlər müəyyənləşib.

TNS həmin siyahıya istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən, VII çağırış Milli Məclisdə qalib gələn namizədlərin 43 nəfəri bitərəf, 82 nəfəri müxtəlif partiyaların təmsilçisidir. VI çağırış Milli Məclisdə bitərəflərin sayı 41 nəfər idi.

Keçmiş və yeni parlamentdə təmsil olunan partiyaların sayı eynidir: 11. Say dəyişməsə də, ötən parlamentdə deputat kürsüsü olan iki partiya hazırda Milli Məclis partiyası deyil. Bunlar Vətəndaş Birliyi Partiyası (VBP) və Vəhdət Partiyasıdır (VP). VBP 2023-cü ildə ləğv edildiyi üçün sədri Sabir Hacıyev seçkiyə bitərəf kimi qatılıb. VP sədri Tahir Kərimli isə namizədliyini irəli sürməyib.

Hazırda hakim Yeni Azərbaycan Partiyasının 68 namizədi qalib gəlib. Bu da o deməkdir ki, YAP-ın deputatlarının sayı azalıb. Ötən seçkidə hakim partiyanın 70 deputatı var idi.

Ötən seçkidə 3 deputat mandatı qazamış Vətəndaş Həmrəyliyi Partiyası (VHP) eyni rəqəmlə yenə ikinci sıradadır. Sadəcə, sədr Sabir Rüstəmxanlını həyat yoldaşı Tənzilə Rüstəmxanlı əvəzləyib.

VI çağırış Milli Məclisdə 1 yerə sahib olan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) parlamentdəki təmsilçilərinin sayı artaraq, 2 nəfə çatıb. Bununla ƏHD parlamentin 3-cü partiyası olub.

Digər müxalifət partiyaları isə 1 deputatla parlamentdə təmsil olunmaq hüququ əldə edib. Bunlar Bütöv Azərbaycan, REAL, Demokratik İslahatlar, Böyük Quruluş, Azərbaycan Milli İstiqlal, Ana Vətən, Milli Cəbhə və Azərbaycan Demokratik Maarifçilik partiyalarıdır. Bütöv Azərbaycan və Milli İstiqlal partiyaları ötən parlamentdə təmsil olunmayıb.