Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Kimlərinsə canfəşanlığına, yaratdığı şəraitə baxmayaraq, Əlirzayev Həmzəyevaya qalib gələ bilməzdi - VİDEO

Azərbaycan Respublikanın Milli Məclisinə keçirilən seçkilər başa çatıb. Naxçıvan Muxtar Respublikasında Milli Məclisə seçkilər 6 dairə üzrə keçirilib. Muxtar respublika ərazisində namizədlərin seçicilərlə görüşlərinin təşkil olunması üçün açıq və qapalı yerlə müəyyənləşdirilmişdi.

Ancaq nədənsə hətta hakim Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd olmamasına baxmayaraq, bəzi namizədlərə kampaniya dövründə xüsusi şərait yaradılıb.

TNS xəbər verir ki, 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürən iş adamı Səfər Əlirzayev aktiv təbliğat-təşviqat kampaniyası aparıb. Bütün bunlara baxmayaraq, onun deputat seçilmək şansı yüksək deyildi. Ona görə ki, hakim Yeni Azərbaycan Partiyasının namizədi Ülviyyə Həmzəyevanın əhali arasında böyük nüfuzu var. Odur ki, seçicilər növbəti dəfə Ülviyyə Həmzəyevaya etimad göstərdi.

Maraqlıdır ki, Naxçıvanda hansısa qüvvələr Səfər Əlirzayevin deputat seçilməsi üçün bütün imkanları səfərbər etmişdi. Əldə etdiyimiz məlumata görə, iş adamı seçicilərlə görüşlərinin təşkili üçün rayon icra hakimiyyətlərinin dəstəyindən yararlanıb. Bu dediklərimizi deputatlığa namizədin kampaniya dövründə seçicilərlə keçirdiyi görüşləri əks etdirən foto və videolar da sübut edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə qeydə alınmış namizədlərin,
namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün qapalı yerlər müəyyənləşdirmişdi.

5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədlər Babək Rayon Mədəniyyət Sarayının zalında, Bulqan kənd kitabxanasının, Qaraçuq musiqi məktəbinin, Qaraxanbəyli kənd tam orta məktəbinin iclas zallarında, Tumbul-Hacıniyyət, Tumbul kənd 13 saylı tam orta məktəbin idman zalında, Culfa Rayon Mədəniyyət Sarayının zalında, Ərəzin kənd mədəniyyət evinin və klubun iclas zalında, Camaldın kənd mədəniyyət evinin və klubun iclas zalında seçicilərlə görüşlər keçirə bilərdi.

Deputatlığa namizəd olmuş Səfər Əlirzayevin təbliğat-təşviqat kampaniyası dövründə yayılmış videogörüntülərdən aydın olur ki, namizəd Babək rayonunun Nəhəcir, Sirab, Qahab, Yarımca kəndlərindəki dövlət orqanlarının binalarında seçicilərlə görüşlər keçirib. Halbuki, bu binalar Mərkəzi Seçki Komissiyası tərəfindən təşviqat kampaniyasının aparılması üçün ayrılmış yerlərin siyahısında yoxdur. Əlbəttə ki, Babək Rayon İcra Hakimiyyətinin razılığı olmadan namizəd bu binalarda seçicilərlə görüşlər keçirə bilməzdi. İndi ciddi bir sual ortaya çıxır. İcra Hakimiyyəti Səfər Əlirzayevə niyə belə şərait yaradıb? Üstəlik o, hakim Yeni Azərbaycan Partiyasının namizədi belə deyildi. İddia olunur ki, Səfər Əlirzayev seçkilərin keçirildiyi dövrdə tez-tez Naxçıvan Ali Məclisinin binasında görünüb. Deputatlığa namizəd niyə tez-tez Ali Məclisin binasına gedib və həmin binadakı hansı yüksək vəzifəli şəxslə görüşüb? Hesab edirik ki, bu iddiaya cavab verilməli, suallara aydınlıq gətirilməldir.

Bir daha təkrar edirik. Səfər Əlirzayev üçün yaradılmış yüksək şəraitə, onun maddi imkanlarına baxmayaraq, o, Ülviyyə Həmzəyevaya qalib gələ bilməzdi. Bu, mümkün də deyildi. Hakim Yeni Azərbaycan Partiyasının irəli sürdüyü və dəstəklədiyi namizədə qalib gələcəyini düşünmək, yumşaq desək, sadəlövhlükdür.