Deputatlığa namizədlərin anlaşılmaz seçki şüarları: "Qarabağ candır, Yasamal da Azərbaycandır"

Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə təbliğat-təşviqat proesi davam edir.
Avqustun 9-dan deputatlığa namizədlər seçki platformalarını, şüarlarını açıqlamağa başlayıblar. Seçki şüarları arasında diqqətçəkən, maraqlı şüarlar da az deyil.
TNS bəzi partiyaların və namizdlərin seçki şüarlarını təqdim edir.
Hakim Yeni Azərbaycan Partiyasının seçkidə şüarı “Yeni dövrə Yeni Azərbaycanla”dır.
Ədalət, Hüquq, Demokratiya Partiyasının seçki şüarı belədir: “Ədalət, Hüquq, Demokratiya”.
Ümid Partiyası “Ümidlə gəl” şüarını seçib.
Milli Cəbhə Partiyasının namizədlərinin seçki şüarları müxtəlifdir.
Özünə “Xalqın adamı” şüarını seçən partiya sədri Razi Nurullayev seçkidə aktiv namizədlərdən sayılır. İmişlidən namizəd olan Razi Nurullayev seçicilərinin evlərinə, əkin-biçin sahələrinə gedir, sosial şəbəkə hesablarında sakinlərlə görüşlərdən foto, videolar paylaşır. Amma onun paylaşımları bununla bitmir. Namizəd özünün sağlamlığı üçün necə qidalandığı barədə də məlumatlar, görüntülər paylaşır, bununla bağlı məsləhətlər verir. Sonuncu videosunda isə İmişlidə qaldığı oteldə sağlamlığı üçün qəbul etdiyi mayelər, yeməklərlə yanaşı, bəzi idman hərəkətləri edir. Onun bu paylaşımları cəmiyyətdə birmənalı qarşılanmır.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın şüarı belədir: “Seçki dairəsində səs verin ki, Azərbaycan zirvəsindən səsiniz eşidilsin!”
Doğrusu, bu şüarda bəzi anlaşmazlıqlar var. Əvvəla, səs seçki dairəsində yox, seçki məntəqəsində verilir. Şüarda məntəqə yerinə dairə yazılmasının səbəbi nədir? Yaxud, partiya sədri parlamenti Azərbaycanın zirvəsi hesab edir? Yəqin ki, Fazil Mustafa və partiyası bu şüarın məntiqini izah edə bilərlər.
Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərinin də şüarları müxtəlifdir. Məsələn, Tənzilə Rüstəmxanlı çox sadə bir şüar seçib: “Neftçala üçün bir birlikdə”.
Partiyanın sədri, Tənzilə xanımın həyat yoldaşı Sabir Rüstəmxanlının yaradıcı, çox istedadlı bir yazıçı-şair olduğu məlumdur. O zaman belə sönük şüar niyə?
Partiyanın daha bir namizədinin şüarı isə heç bir məntiqə sığmır. Ərturqut Şərəfxanlı adlı namizədin şüarı belədir: “Qarabağ candır! Yasamal da Azərbaycandır!”
Bəlkə biz bilmirik, Bakının Yasamal rayonu da işğaldan azad edilmiş ərazilərdəndir???
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Oruc Allahın! Seçim xalqın!” şüarını seçib. Bu şüar da anlaşılmayanların sırasındadır. Namizədin nə mesaj vermək istədiyi məlum deyil.
İllərin deputatı olan Cavanşir Feyziyev “Məqsədimiz xalqa xidmət, amalımız güclü Azərbaycandır!” şüarına üstünlük verib. Hörmətli deputatımızın bundan əvvəlki seçkilərdə məqsədi nə olub? İndiyədək dəfələrlə deputat mandatına sahib olan Cavanşir Feyziyev xalqa bundan sonra xidmət edəcək?