Zərif ilk “günah keçisi” oldu - İranda xaricə işləyən məmur, hərbçi az deyil
Məlum olduğu kimi, avqustun 1-də İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
Zərifin təyinatından cəmi 10 sonra istefa verməsinin səbəbləri nədir?
TNS-in bu və digər suallarını cavablandıran Orta Doğu Araşdırmalar Mərkəzinin rəshbəri, siyasi şərhçi Sədrəddin Soltan xatırladıb ki, avqustun 6-da Prezident Məsud Pezeşkian yeni hökumətə işləməyə imkan verilmədiyini deyib: “Bu, onu göstərir ki, İran hakimiyyəti daxilində monolitlik yoxdur. Hakimiyyət daxilində islahatçı və mühafizəkarlar arasında yumşaq desək, didişmə var.
Zərif kimdir?
O, ABŞ təhsili görmüş, uzun müddət orada yaşamış, hətta uşaqları ABŞ vətəndaşı olan bir İran siyasətçisidir. Yəni, təbiət etibarilə qərbyönümlü, liberal şəxsdir. Həsən Ruhaninin prezidentliyi dövründə xarici işlər naziri oub. Həmin hökumət çox böyük uğura imza atıb. “6-lıq” ölkələri ilə əhatəli razılıq müqaviləsi imzalanıb. Sonradan ABŞ bu müqavilədən çıxdığı üçün sənədin icrası dayandırıldı. Amma danışıqlar indiyədək davam edir. Buna görə Ruhani də, Zərif də kəskin tənqidlərə məruz qaldı. Tənqidlər indiyədək davam edir. Bütün bunlar Zərifin istefasına gətirib çıxaran səbəblər ola bilər”.
Siyasi şərhçi deyib ki, Pezeşkianın seçki kampaniyası dövründə Zərif daim onun yanında olub: “Strateji məsələlər üzrə vitse-prezident vəzifəsi də məhz Zərif üçün yaradılmışdı. Bu vəzifə daha çox Qərblə münasibətlərin tənzimlənməsini nəzərdə tuturdu.
Zərif istefa ərizəsində kabinetin formalaşmasında bir sıra səhvlərə yol verdiyi üçün təəssüfləndiyini bildirib.
Belə ki, hökumətin formalaşması üçün bir şura yaradılmışdı. Qurumun sədri Zərif idi. Şura ölkənin tanınmış simalarının hökumətdə yer alması istiqamətində məsləhətləşmələr aparırdı. Zərif bildirib ki, nazirlər hökumətlə razılaşdırılsa da, ona komitə üzvlərinin, ayrı-ayrı qurumların təqdim etməsinə imkan verilməyib. Bu da istefa üçün bir səbəb ola bilər”.
Sədrəddin Soltanın fikrincə, hazırda Pezeşkianın rəhbəri olduğu kabinet koalisiya kabinetidir: “Düzdür, onlar bunu birlik höküməti adlandırır, amma məncə, koalisiyadır. Zənnimcə, bu kabinetin uğur əldə etməsi ehtimalı azdır”.
Siyasi şərhçi deyib ki, İranda HƏMAS-İsrail müharibəsinə münasibət birmənalı deyil, islahatçı tərəf bu savaşa qatılmağın əleyhinədir: “Pezeşkian ali rəhbər Xameneiyə İsraillə müharibə aparmamağı təklif edib. O deyib ki, bu savaş İranın iqtisadiyyatına, energertikasına mənfi təsir edəcək.
Bütövlükdə bu hadisələr hakimiyyət daxilində böhranın olmasının göstəricisidir.
Ola bilər ki, Pezeşkian kabinetinin ömrü uzun olmasın. Çünki seçki kampaniyası zaman bildirilirdi ki, mühafizəkarlar Pezeşkiana qarşı monolit mübarizə aparırlar. Amma Xameneinin dəstəyi ilə o, Prezident ola bildi. Pezeşkian perspektivdə “günah keçisi” rolunu oynaya bilər. Bu “keçi”lərdən birincisi Zərif oldu”.
Ekspert bildirib ki, Pezeşkian Xameneinin dediklərini yerinə yetirir, onun iradəsindən kənara çıxmağa cürət etməz: “Konstitusiyaya əsasən, Prezidenti xalq seçsə də, onu vəzifəyə Xamenei təyin edir.
Yəni 16 milyon səs verir, sonra 1 nəfər onu təyin edir. O, “ağa”sına qarşı çıxa bilməz.
Burada Pezeşkianın türk olmasının elə böyük rolu yoxdur. Seçkidə Pezeşkianının türklük faktorunu qabartdılar ki, seçicilərin diqqətini çəksin, səsverməyə gəlsinlər. Belə də etdilər”.
Siyasi şərhçinin fikrincə, İranın İsraillə müharibəsi qisas tələsinə düşmək olar: “Yəni, İran müharibəyə getsə, uduzacaq. Çünki iqtisadiyyatı onsuz da bərbad vəziyyətdə olan ölkənin energetika sektorlarına zərər verdikdən sonra onun heç nəyi qalmayacaq. İran neft-qaz yataqlarını qorumaq üçün heç bir sistemə sahib deyil. İsrailin dəmir qübbəsi varsa, İranın heç alüminium gümbəzi də yoxdur. İran səması İsrail üçün açıqdır.
İsmayıl Haniyəni olduğu otaqda vurub öldürürlərsə, deməli İran daxilində bu koordinatları başqalarına verə biləcək qüvvələr var. Xarici qüvvələrə işləyən məmur, hərbçi az deyil”.