Close

17:32
26 Dekabr 2024

Sənədlərin təhvil verilməsi prosesi başa çatır – Hansı partiyaların namizədləri imza toplaya bilməyib?

Sabah deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti bitir.

TNS xatırladır ki, Mərkəzi Seçki Komissiyasının (MSK) “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, proses iyulun 13-dən başlayıb.

Həmin sənədlər irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat və digərləridir.

İndiyədək 700-dək namizəd tələb olunan sənədləri DSK-lara təhvil verib. Onlardan 400 nəfərədək şəxsin namizədliyi qeydə alınıb.

Namizdliyi qeydə alınanlar arasında siyasi partiyaların üvzləri də kifayət qədərdir.

Ümid Partiyasından TNS-ə bildirilib ki, sədrin 1-ci müavini Ənvər Ağazadənin namizədliyi 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən qeydə alınıb: “Ümumilikdə partiyadan 36 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlərimizin yarıdan çoxu sənədlərini DSK-lara təqdim edib. Qalanların sənədləri bu gün və sabah təhvil veriləcək. Sabah namizədlərlə bağlı yekun məlumatı ictimaiyyətə açıqlayacağıq”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn TNS-ə deyib ki, onun namizədliyi qeydə alınıb: “Namizədlərimizdən indiyədək sənədlərini DSK-lara təqdim edənlər də, qeydə alınanlar da var. İki nəfərin cavabı isə bu gün bəlli olacaq. Üç nəfər namizədimiz sənədlərini sabah təqdim edəcək”.

Seçkidə 60 nəfərin namizədliyini irəli sürən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 12 üzvünün namizədliyi qeydə alınıb: “Namizədlərdən bəziləri seçkidə iştirakdan imtina edib, bəziləri imza toplaya bilməyib. Yekun nəticə sabah məlum olacaq”.

Qeyd edək ki, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin, Ağ Partiyasının sədri Tural Abbaslının, Azad Vətən Partiyasının sədri Akif Nağının, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin və digərlərinin namizədliyi qeydə alınıb.