Close

Haniyə danışıqların tərəfdarı olduğu üçün öldürüldü? – İran öz adamlarını qoruya bilmir

HƏMAS Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin Tehranda öldürülməsi dünyanın əsas gündəm mövzusudur.

Hadisənin detalları tam məlum olmasa da, Tehran rejimi və HƏMAS İsraili hədəf göstərir, İsrail tərəfi isə ittihamları qəbul etmir.

Görünən odur ki, ötən il oktyabrın 7-də başlayan İsrail-Fələstin müharibəsi yaxın zamanlarda bitməyəcək, əksinə daha da alovlanacaq.

Bundan sonra bölgədə vəziyyət necə olacaq?

Bu barədə TNS-in suallarını cavablandıran Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan xatırladıb ki, iyulun 30-da İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçirilib. Onu təbrik etməyə gələnlər arasında Haniyə də olub: “Maraqlıdır ki, gündüz saatlarında Məsud Pezeşkian Haniyə ilə görüşdə HƏMAS-ı dəstəkləyəcəklərini bildirib. Gecə isə HƏMAS lideri Tehranda mənzil qərargahında nöqtəvi raket zərbəsi nəticəsində ölüb”.

Siyasi şərhçi məsuliyyəti İsrail daxil olmaqla, heç kimin üzərinə götürmədiyini bildirib.

“Bu, HƏMAS-a çox ağır zərbədir. HƏMAS bəyan edib ki, ölüm faktı regionda gərginliyi kəskin şəkildə artıracaq və cavabsız qalmayacaq. Yəmən husiləri bu hadisəni beynəlxalq normaların pozulması kimi dəyərləndirərək qisas alacaqlarını bildiriblər. Livan “Hizbullah”ı da İsmayıl Haniyəni öldürənlərə xəbərdarlıq edib. Elə İran da qisas alacağını bəyan edib”, - deyə o əlavə edib.

İsmayıl Haniyənin öldürülməsi Qəzza zolağında müharibənin dayanmasına təsir göstərəcəkmi?

S. Soltan deyib ki, sərt çıxışlarına baxmayaraq, Haniyə yeni atəşkəsin əldə olunmasını, danışıqlar prosesini kurasiya edib: “Belə çıxır ki, Haniyə İsraillə danışıqların tərəfdarı olub. Qəzza zolağındakı hökumətlə yəhudi dövləti arasında 2006-cı ildə silahlı hücum etməməyə dair razılaşma olub. İsmayıl Haniyənin o vaxtlar Qəzza zolağına başçılıq etdiyini nəzərə alsaq, deməli, baş katib rəsmi Tel-Əvivlə müəyyən anlaşma əldə edibmiş”.

hhhha

Siyasi şərhçi bildirib ki, Qəzza zolağında İsrailə qarşı müharibəyə başçılıq etdiyi iddia olunan Yəhya Sinvar və Məhəmməd Deyf bu məsələdə fərqli mövqedən çıxış edir. Yəhya Sinvar bu yaxınlarda bildirib ki, Qəzza zolağından kənarda olan HƏMAS liderləri bu hərəkat adından danışa bilməz. Yəni, hərəkat daxilində İsmayıl Haniyənin lider kimi qəbul etməyənlərin də olduğu istisna deyil.

“İsrailin Livan və Yəməndə keçirdiyi son əməliyyatlar regionda silahlı qarşıdurmanı artıracağı, gücləndirəcəyi ehtimalını da artırır.

Ancaq bu savaşa regional və bölgədən kənar aktorların qoşulacağı gözlənilmir. Qəzza zolağında HƏMAS-ın bayraq edildiyi müharibənin bir tərəfində İsrail, ABŞ və onun müttəfiqləri, qarşı tərəfdə isə İran, Suriyadakı Bəşər Əsəd hakimiyyəti, Şimali Koreya, Rusiya və Çin durur. Əsas döyüşənlər isə İsrail və İrandır. Onlara əlavə dövlətlərin qoşulacağı ehtimalı indiki şəraitdə zəifdir. Çünki istənilən dövlətin, hətta İranın belə İsrailə qarşı açıq savaşa girişi ona qarşı müharibə sayılır. Odur ki, İsraillə İran arasında açıq müharibə olması gözlənilmir”, - deyə o vurğulayıb.

Siyasi şərhçinin fikrincə, İsmayıl Haniyəni İsraillə danışıqları idarə etdiyi üçün aradan götürüblər: “İsmayıl Haniyənin Tehranda öldürülməsi isə İran hakimiyyətinin öz adamlarını qorumasında ciddi problemlərinin olduğunu bir daha sübuta yetirir.

Hesab edirəm ki, Pezeşkianın andiçmə mərasimi günü bu hadisənin törədilməsi İran hakimiyyətinə və hökumətinə bir xəbərdarlıqdır”.