Close

Ermənistan müharibəyə hazırlaşır – Azərbaycan adekvat addımlar atacaq

Son vaxtlar Ermənistan ardıcıl olaraq Azərbaycana qarşı təxribatlar törədir. İyulun 25-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyi bununla bağlı yaydığı məlumatda, aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edildiyini və ərazidən uzaqlaşdırıldığını deyib.

Daha sonra  Müdafiə Nazirliyi yaydığı məlumatda son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətdiyini bildirib.

“Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”, - deyə nazirliyin bəyanatında bildirilib.

Ermənistan tərəfindən ardıcıl olaraq törədilən təxribatlar hərbi əməliyyat ehtimalını artırırmı?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev toqquşma ehtimalının yüksək olduğunu vurğulayıb: “Ermənistan son aylarda intensiv şəkildə hücum silahları əldə edir. Bu hücum silahları, birmənalı şəkildə Azərbaycana qarşı revanş əldə etmək məqsədi daşıyır. Biz daha əvvəl müharibə ehtimalının kiçik olduğunu bildirsək də, hazırda ən azından toqquşma və eskalasiya riskləri kifayət qədər yüksəkdir”.

ev

Ekspert bildirib ki, Ermənistan Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat aparır: “Ermənistan bir tərəfdən Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat aparır, ordumuza məxsus atəş vasitələrinin koordinatlarını dəqiqləşdirməyə çalışır. Digər tərəfdən şərti dövlət sərhədinin müxtəlif istiqamətlərində, xüsusilə də Kəlbəcər istiqamətində aktivləşir və bu ərazidə həm də atəşkəsi pozur. Belə olan halda, biz Ermənistanın müharibəyə hazırlaşdığını deyə bilərik. Bu fəaliyyətlər Azərbaycan tərəfini dərindən narahat edir. Əgər Ermənistan öz fəaliyyətlərində dəyişikliklər etməzsə, atəşkəsin pozulmasına, pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətinə ara verməzsə, o zaman Azərbaycan tərəfi Ermənistanın döyüş potensialını zəiflətmək üçün adekvat və hətta preventiv addımlar ata bilər”.

Aygün