Close

Sabiq məmur və deputatların namizəd övladları

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq bir çox siyasi partiya nümayəndələri, ayrı-ayrı şəxslər namizədliklərini açıqlayıb.

TNS xəbər verir ki, deputat mandatı qazanmaq yarışında iştirak edənlərin arasında tanınmış şəxslərin övladları da var.

Onlardan biri Azərbaycan Baş nazirinin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, diplomat Günay Əfəndiyevadır. Artıq namizədliyi qeydə alınan Günay Əfəndiyeva 14 saylı Xəzər - Pirallahı Seçki Dairəsindən deputat olmaq niyyətindədir.

Sabiq ədliyyə naziri Fikrət Məmmədovun qızı Nigar Məmmədovanın namizədliyi isə Yeni Azərbaycan Partiyası tərəfindən 48 saylı Abşeron Birinci Seçki Dairəsindən irəli sürülüb. Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədridir.

YAP-ın namizədlər siyahısında olan Mahir Süleymanlı və Samir Vəliyevin hər ikisinin atası sabiq deputatdır.

56 saylı Şabran-Xaçmaz Seçki Dairəsindən namizəd göstərilən Mahir Süleymanlı sabiq deputat Tahir Süleymanovun, 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən namizəd göstəyilən Samir Vəliyev "Odlar Yurdu" Universitetinin rektoru, III və IV çağırış Mili Məclisin üzvü olmuş Əhməd Vəliyevin oğludur.

Məlum olduğu kimi, uzun illərdir, parlamentdə təmsil olunan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı da namizədlər sırasındadır. Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən namizəd olub.

Bu şəxslərin deputat olmaq şansları yüksək qiymətləndirilir.