Close

Bu müxalifət partiyası Naxçıvandan namizəd irəli sürüb - Kimlərin deputatlığa namizədliyi qeyd alınıb?

Ölkədə parlament seçkilərinə ciddi hazırlıq gedir. Hazırda imzatoplama və namizədliyin qeydə alınması üçün tələb olunan sənədlərin Dairə Seçki komissiyalarına təhvil verilməsi prosesi davam edir.

Məlumdur ki, namizədliyini müstəqil şəkildə irəli sürənlərlə yanaşı, partiyaların siyahıları əsasında seçkilərə qatılanların sayı kifayət qədərdir.

Azərbaycan Milli İstiqlal Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 14 nəfərin namizədliyini irəli sürüb.

Partiyanın sədri Arzuxan Əlizadə TNS-ə deyib ki, onlardan 12 nəfər AMİP üzvüdür: “Digər iki nəfər isə partiyamızın üzvü deyil. 14 seçki dairəsində namizədimiz var. Naxçıvandan da bir nəfərin namizədlyini irəli sürmüşük”.

arzuxanelizade

Partiya sədri bildirib ki, imzatoplama kampaniyası normal gedir: “İndiyədək hər hansı problemimiz olmayıb. Düzdür, müəyyən çətinliklər olur. Bu da əsasən, insanlarla ünsiyyətdə və s. ortaya çıxır. Amma ümumilikdə problem yoxdur. Mənim namizədliyimin qeydə alınması üçün tələb olunan sayda imza toplanıb. Böyük ehtimalla sabah sənədləri təqdim edəcəyik. Namizədlərimizdən bəziləri artıq sənədləri DSK-lara təhvil verib. İndiyədək namizədlərimiz arasında qeydə alınan olmayıb. Çünki hazırda imzatoplama və imza vərəqələrinin DSK-ya təhvil verilməsi mərhələsindəyik. Yəqin ki, yaxın günlərdə namizədlərimiz qeydə alınar. Bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Ağ Partiya isə parlament seçkilərində ümumillikdə Bakı və regionlardan 40 nəfərin namizədliyini irəli sürüb.

Partiyanın sədri Tural Abbaslı TNS-ə deyib ki, namizədliyi irəli sürülənlərdən demək olar, hamısı imza vərəqlərini alıb: “Onlardan 5-6 nəfər artıq imza toplayıb və sənədləri təhvil verib. İndiyədək Ağ Partiyadan 1 nəfər qeydiyyatdan keçib. Yəqin ki, yaxın günlərdə digər imza vərəqlərini götürənlər də öz dairələrinə təqdim edəcəklər. Proses davamlı olduğundan dəqiq rəqəmlər demək alınmır. Çünki imzatoplanma seçki prosesinin, bəlkə də ən qəliz mərhələsidir. Yəqin ki, avqustun 2-dək daha dəqiq məlumatlarımız olacaq”.

tural-abbasli1

Partiya rəhbəri əlavə edib ki, namizədlik verilən bütün dairələr üzrə hazırlıq prosesi davam edir: “Qeydə alınmış namizədlərin sayı bəlli olduqdan sonra artıq seçki strategiyasının, təbliğat-təşviqat materiallarının hazırlanması və digər bu kimi işlələrlə məşğul olacağıq. Eyni zamanda, seçkidə müşahidə aparılması və digər məsələlərlə bağlı artıq konkret addımlar atacağıq”.

Aygün