Close

Xalq artistinin baltası, mühafizəçinin təpiyi – Olan xadiməyə oldu

Dünəndən az qala bütün ölkənin gündəmi Xalq artisti Ağadadaş Ağayevlə xəstəxana mühafizəçisi arasında baş verən insidentdir.

Sosial şəbəkə istifadəçiləri, xəbər saytları, telekanallar hadisənin ən xırda detallarından “xəbər” hazırlayır. Hətta sosial şəbəkə istifadəçilərindən biri məsələni zarafata salıb, “Ağadadışın baltası danışdı” – kimi başlıq paylaşmışdı.

Əslində belə hadisələr, hətta daha ağırları gündə bir yox, bir neçə dəfə baş verir. Son bir neçə günə nəzər salsaq, dəhşətli statistika görərik: ata iki azyaşlı oğlunu bıçaqladıqdan sonra intihar edib, 22 yaşlı qadın əri tərəfindən çoxmərtəbəli binadan atılıb, övlad anasını qətlə yetirib, axtarışda olan şəxs uşağı girov götürüb həyatına təhlükə yaratdığı üçün zərərsizləşdirilib və s... 

Amma gündəmə çevrilən olayda tərəflərdən birinin Xalq artisti, tanınmış sima olması ona daha çox maraq yaratdı. Sosial şəbəkələrdə, saytlarda hadisənin video-görüntüsü yayıldı. DİN məlumat yaydı, sənətçi də, mühafizəçi də məsuliyyətə cəlb olundu. Ağadadaş Ağayevdən fərqli olaraq, qarşı tərəf barəsində həbs qətimkan təbiri seçildi.

Təbii ki, hər şeyə münasibət bildirməyi sevən xalqımız bu hadisəyə də “qiymət” verdi. Kimi sənətçiyə, kimi də mühafizəçiyə haqq qazandırdı. Amma Xalq artistini müdafiə edənlərin də, tənqid edənlərin də böyük əksəriyyəti əndəzaləri aşdı.

Məsələn, müdafiəçilərin çoxu Xalq artistinə qarşı belə davranmağın doğru olmadığını deyir. Sanki Xalq artistinin xüsusi imtiyazları var, o, istədiyini edə bilər. Amma sıravi vətəndaşa qarşı belə kobudluq eləmək olar.

Yaxud, deyirlər ki, sənətçi onkoloji xəstəlikdən əziyyət çəkir, baltanı anlaqlı vəziyyətdə atmayıb. Nə bilirsən? Həkimsən? Deyək ki, hətta o, anlaqlı vəziyyətdə olmayıb. O zaman ailəsinin 5 üzvünü amansızlıqla öldürən Əhmədə də haqq qazandıraq?

Qarşı tərəf isə mühafizəçinin ağır söyüşlər, təhiqlər və baltalı hücuma qarşı törətdiyi zorakılığa haqq verir. Sən mühafizəçisən, vəzifən hər söyəni, qışqıranı döymək yox, işlədiyin yerin təhlükəsizliyini təmin etməkdir. Balta yerə düşəndən sonra 70 yaşlı adam hansı təhlükəni törədəcəkdi ki, onu amansızlıqla təpiyin altına salırsan?

Ya da deyirlər ki, Xalq artisti belə şiddətə əl ata bilməz. Amma başqaları hamını baltalaya bilər?

Videoya hamımız baxmışıq.

Ağadadaş Ağayevin baltalı hücum əməlində cinayət tərkibi varmı? Var!

Mühafizəçinin onu yerdə sürükləyib, təpikləməsi cinayət sayılırmı? Sayılır.

Bundan sonrasına istintaq orqanı, məhkəmə qərar verəcək. Bizim dediklərimizin bu qurumların qərarına heç bir təsiri olmayacaqsa, o zaman dəyərli məsləhətlərimizi özümüzə saxlayaq.

Məncə, bu hadisənin bir zərərçəkəni var, o da xəsarət alan xadimədir. Allah ona şəfa versin! 

Yeri gəlmişkən, məncə, Ağadadaş Ağayev böyük sənətkar deyil. Normal bir toy müğənnisidir. Azərbaycanın musiqi sənətinə də heç bir qatqısı, faydası olmayıb. Ölkəmizi beynəlxalq miqyasda təmsil etməyib, tanıtmayıb. Adam illərdir, toylarda mahnı oxuyub, sərvət sahibi olub. Onun səsi, sənəti ancaq özünə sərvət toplamağa yarayıb. Təbii ki, burada məlum dostluqlarının da payı az deyil.

Gülşən Hacıyeva