Close

09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Bayden geri çəkildi – Tramp daha bir qadını məğlub edə biləcəkmi?

ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden noyabrda keçiriləcək seçkidə prezidentlik yarışından geri çəkildi. O, vitse-prezident Kamala Harrisin xeyrinə geri addım atdı. Böyük ehtimalla Demokratlar Partiyasının namizədi Kaliforniya ştatının senatoru, ABŞ-nin ilk qadın və ilk asiya-amerikalı vitse-prezidenti Harris olacaq.

Məlumat üçün bildirək ki, Respublikaçılar Partiyasının namizədi, ABŞ-nin 48-ci Prezidenti Donald Trampın 2016-cı il seçkilərində də rəqibi qadın olmuşdu. Bu, Hillari Klinton idi.

Bir neçə gün öncə sui-qəsdə məruz qalan, hadisədən yüngül xəsarətlə xilas olan Trampın Baydenə qalib gələcəyi təxmin edilirdi. İddia olunurdu ki, Trampın sui-qəsdə məruz qalması onun reytinqini artıracaq. Amma indi rəqib dəyişib, Tramp Klinton kimi, Harrisə də qalib gələ biləcəkmi?

TNS-in bu barədə suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Tramp əslində Baydenlə mübarizəyə hazırlaşırdı: “Belə olsaydı, Tramp böyük ehtimalla Baydenə qalib gələcəkdi. Çünki ilk debatda reytinqi yüksək oldu. Amma Baydenin qəfil geri addım atması Trampı bir az düşünməyə məcbur edir. Hesab edirəm ki, Harrislə də Tramp başa-baş mübarizə apara bilər. Çüni demokratlar xeyli vaxt itirib. Seçkiyə cəmi 3 ay qalıb. Namizəd olacağı bildirilən Kamala Harris daha gəncdir. Trampla başa-baş mübarizə aparmağa çalışacaq. Trampın bir az çətinlikləri ola bilər, amma demək olmaz ki, Kamala Harris Tramp üzərində qələbə çalmağa daha iddialı şəxsdir. Onun da zəif nöqtələri var. Trampın komandası zəif nöqtələrdən Harrisi tənqid etməyə çalışacaq”.