Close

Ermənistan sülh gündəliyindən geri çəkilir? – Bu, danışıqlar prosesinə zərbədir

Məlum olduğu kimi, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya Londonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi təklifini irəli sürüb. Amma Ermənistan tərəfi bundan imtina edib.

Ermənistanın bu addımını TNS-ə dəyərləndirən politoloq Zaur Məmmədov bildirib ki, Paşinyanın Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtinası qarşı tərəfin sülh gündəliyindən geri çəkilmək deməkdir.

O, bunun bir neçə səbəbinin ola biləcəyini söyləyib:

“Bunlardan birincisi Ermənistanın sülh müqaviləsinin imzalanmasını gecikdirməsidir. Sonuncu Bayden-Tramp debatından sonra respublikaçıların hakimiyyətə gəlmə şansının artması, eyni zamanda Ukraynada vəziyyətin Paşinyanın istədiyi kimi olmaması onun iqtidarının Azərbaycanla danışıqlarda birmüddətlik pauza götürməsi ilə nəticələnməkdədir. Paşinyan Qərbə tərəf 2024-cü ilin yanvar- iyun aylarında iri addımlarla irəliləməsinə baxmayaraq, yuxarıda qeyd edilənləri nəzərə alıb. O, hazırda Kreml ilə daha ehtiyyatlı davranmağa başlayıb”, - deyə politoloq qeyd edib.

Zaur Məmmədov digər səbəbləri belə izah edib: “Sülh müqaviləsinin imzalanmasından əvvəl paraflanmış versiyanın qəbulu, konstitusiya dəyişikliyindən sonra yekun mətnin imzalanması çıxış yollarından biri sayılırdı. Məncə, liderlər arasında görüş paraflanmış variantın yaxın vaxtlarda qəbul edilməsini surətləndirə bilərdi. Üçüncü səbəbə gəlincə, Paşinyan Azərbaycan lideri ilə birbaşa görüşdən qorxaraq növbəti dəfə danışıqlarda adekvat olmadığını və etibarsız olduğunu sübut etdi.

Beynəlxalq ictimaiyyət Londonda görüşdən imtinaya adekvat qiymət verməyi bacarmalıdır. Bu, danışıqlar prosesinə zərbədir”.