Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Onların ailə üzvləri seçkiyə gedir – Sabiq nazirin kürəkəni, rektorun oğlu, deputatın qızı, həyat yoldaşı...

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülənlər arasında sabiq nazirlərin, deputatların, partiya sədrlərinin yaxın qohumları da var.

TNS onlardan bəzilərini təqdim edir.

Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Rövşən Muradov MSK-nın sabiq üzvü, akademik Şahbaz Muradovun oğlu, sabiq nazir Əli Abbasovun kürəkənidir. O, Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavinidir.

İndiyədək YAP-ın bu dairədən deputatı Mahir Abbaszadə idi.

Hakim partiya tərəfindən 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülən Samir Vəliyev isə keçmiş deputat, "Odlar Yurdu" Universitetinin rektoru, professor Əhməd Vəliyevin oğludur.

S. Vəliyev YAP Nərimanov rayon təşkilatının, "Odlar Yurdu" Universitetinin Müşahidə Şurasının sədridir.

Əhməd Vəliyev Milli Məclisin üçüncü (2005–2010) və dördüncü  (2010–2015) çağırış deputatı olub.

YAP-ın namizədlər siyahısında adı olan Mahir Süleymanlı isə sabiq deputat Tahir Süleymanovun oğludur. Onun namizədliyi 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsindən irəli sürülüb.

Tahir Süleymanov 2000-2020-ci illərdə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən Milli Məclisin deputatı olub.

Daha bir deputatın, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının da qızı seçkilərdə iştirak edəcək. F. Ağamalının özü namizəd olmayacaq. Günay Ağamalının namizədliyi 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən irəli sürülüb. O, Ana Vətən Partiyası sədrinin humanitar və kommunikasiya məsələləri üzrə müşaviridir.

Fəzail Ağamalı Azərbaycan Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı olub.

Daha bir “varis” namizəd Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyətinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlıdır. 70 saylı (əvvəl 61 saylı idi) Neftçala Seçki Dairəsindən namizədliyi irəli sürülən Tənzilə Rüstəmxanlı Xalq şairi, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabiq Rüstəmxanlının həyat yoldaşıdır. Uzun illərdir, millət vəkili olan Sabir Rüstəmxanlı 6-cı çağırış Milli Məclis seçkilərində 61 saylı (hazırda 70 saylıdır) Neftçala Seçki Dairəsindən deputat seçilib.