Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Türkiyənin Naxçıvandakı Baş konsulu: "FETÖ digər ölkələrə də təhdid yaradır"

"15 iyul gecəsi Türkiyə-Azərbaycan həmrəyliyinin gözəl örnəyidir. Azərbaycan bu xain çevriliş cəhdinin ilk anlarından etibarən Türkiyə ilə böyük bir birlik və həmrəylik içində olub. Bu gün də Azərbaycanla sadəcə FETÖ terror təşkilatına qarşı deyil, digər terror təşkilatlarına qarşı da güclü bir işbirliyimiz var".

TNS xəbər verir ki, bu sözləri Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya bu gün keçirilən 15 iyul – Demokratiya və Milli Birlik Gününün 8-ci ildönümü ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı Türkiyə dövlətinə qarşı çevrilişə cəhd edib:

"Hörmətli Prezdentimizin çağırışı ilə türk xalqı küçələrə çıxdı və dövlət qurumlarının da dəstəyi ilə bu xain planın qarşısı alındı. Bu, türk xalqının tarixi üçün dönüş nöqtəsi idi. Türk xalqı ilk dəfə bir çevrilişə qarşı bu qədər güclü şəkildə müqavimət göstərdi. Bunun ardınca isə hökumət FETÖ-yə qarşı genişmiqyaslı mübarizəyə başladı”.

Baş konsul FETÖ-yə qarşı mübarizənin bu gün də davam etdiyini, görülən tədbirlər nəticəsində 700 mindən çox şübhəli haqqında hüquqi prosedurlara başlandığını, 100 minə yaxın şəxsin istintaqa cəlb olunduğunu, 125 mindən çox şəxs haqqında həbs qərarı çıxarıldığını vurğulayıb.

“FETÖ sadəcə, Türkiyə üçün deyil, mövcud olduğu ölkələr üçün də təhdiddir. Təssüf ki, bu şəbəkə hələ də bəzi ölkələrdə fəaliyyətini davam etdirir. Amma dövlətimiz dost və qardaş ölkələrin dəstəyi ilə bu mübarizəni xaricdə də davam etdirir. Bir sıra ölkələrdə FETÖ-nün terror təşkilatı kimi tanınmasına nail olmuşuq”, - diplomat qeyd edib.

Asip Kaya bir daha Azərbaycan xalqına təşəkkür edərək bildirib ki, Türkiyə və Azərbaycan həmişə çətin anlarda bir-birlərinin yanlarında olub.