Close

Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini buna görə müşayiət edib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistana dövlət səfərinə gedib. Dövlətimizin başçısına xüsusi hörmət əlaməti olaraq Prezidentin təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib. Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif hava limanında qarşılayıb.

Azərbaycan Prezidentinin qardaş ölkəyə rəsmi səfərini TNS-ə dəyərləndirən politoloq Qabil Hüseynli iki dövlətin arasında strateji əməkdaşlığın mövcud olduğunu bildirib.

Onun sözlərinə görə, ildən ilə bu əməkdaşlıq daha da genişlənir, möhkəmlənir: “44 günlük Vətən Müharibəsində Pakistan Türkiyə ilə bərabər Azərbaycana ən yaxından köməklik göstərən ölkələrdən biri idi. İndi də beynəlxalq miqyasda Azərbaycanın mövqeyini müdafiə edən ən fəal dövlətlərdəndir. Bir neçə ay əvvəl Pakistan Prezidenti Azərbaycana səfər etmişdi və buradan çox məmnun şəkildə ölkəsinə qayıtmışdı. Hazırda isə Azərbaycan Prezidenti Paksitana səfər edib. Bu səfərlər zamanı çox ciddi sənədlər imzalanır, müzakirələr aparılır. Biz Pakistandan qırıcı təyyarələr almaq niyyətindəyik. Bu məsələ artıq reallaşmaq üzrədir. Azərbaycan həmçinin, sənayesi inkişaf etmiş bu qardaş ölkədən bir sıra məhsullar idxal edir”.

Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti Pakistanda yüksək səviyyədə qarşılanıb: “Bütün bunlar onu göstərir ki, Azərbaycanın Pakistanla əlaqələri durmadan inkişaf edir və əbədidir. Dünyanın nüvə silahına malik böyük bir dövlətinin bu münasibəti qürurvericidir”.

t2

Hərbi ekspert Ədalət Verdiyev isə TNS-ə deyib ki, Azərbaycan ilə Pakistan arasında mövcud münasibətlər strateji xarakter daşıyır: “Bu münasibətlər ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanır. Münasibətlərimiz kifayət qədər yüksələn dinamika nümayiş etdirir.

Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi diqqət yetirir. İki qardaş ölkə arasında onlarla müxtəlif görüş, qarşılıqlı səfərlər həyata keçirilib”.

Ekspert Pakistanın indiyədək Ermənistanı dövlət kimi tanımadığını xatırladıb: “Pakistan işğalçı siyasətinə görə Ermənistanla münasibətlər qurulmayacağını aşkar şəkildə bəyan edən dost ölkədir”.

Onun sözlərinə görə, Pakistana səfəri zamanı Prezident İlham Əliyevin təyyarəsini 6 ədəd qırıcının müşayiət etməsi bir daha qardaş ölkə tərəfindən Ali Baş Komandanımıza göstərilən yüksək diqqətin nümunəsidir.

“Səfər çərçivəsində həm müdafiə, həm də müdafiə sənayesi nazirinin nümayəndə heyətinin tərkibində yer alması Azərbaycan və Pakistan arasında hərbi, hərbi-texniki, müdafiə sənayesi sahəsində müzakirələrin aparıldığını ehtimal etməyə əsas verir.

Azərbaycanla Pakistan arasında bütün sahələrədə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində geniş əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcək”.

ev