Close

XİN başçılarının Vaşinqton görüşü - Vədlər və gözləntilər nələrdir?

ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtonda üçtərəfli görüşü keçirilib.

Görüşün əhəmiyyətini TNS-ə şərh edən deputat, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov XİN başçılarının bir araya gəlməsini müsbət hadisə adlandırıb: “Əgər bir görüş baş tutursa, demək, müəyyən məsələlərin müzakirə olunmasına, qarşılıqlı dialoqa zərurət var. Belə bir görüşün ABŞ-də baş tutması, ölkənin dövlət katibinin görüşdən dərhal sonra bununla bağlı məlumat yayması da əhəmiyyətli hadisədir. Ancaq məsələ ondadır ki, biz bəzən belə görüşlər və nəticələri haqqında həddən artıq optimist oluruq. Dərhal hansısa konkret addımlar atılacağına ümid edirik. Diplomatiya isə bir az fərqlidir. Doğrudur, məqsədlərə çatmaq üçün ən mühüm vasitədir. Amma həm də bu məqsədlərə çatmağın nə qədər real olduğu məsələsi daim diqqətdə saxlanılır. Bildiyimiz kimi, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan konstitusiyasına dəyişiklik edilməsə, sülhün əldə edilməsi mümkün deyil. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var. Bakının bu narahatlığı həm hüquqi, həm də siyasi baxımdan tam əsaslıdır. Hər nə qədər Ermənistan tərəfi sülh sazişinin konstitusiyadan daha üstün olduğunu izah etməyə çalışsa da, əslində bu, belə deyil”.

t3

H. Məmmədov qeyd edib ki, hər bir ölkənin, o cümlədən Ermənistanın konstitusiyasında hər hansı bir sazişin, müqavilə və bəyənnamənin həmin ölkənin konstitusiyasına ziddiyyət təşkil etdiyi təqdirdə, konstitusiyanın üstün hüquqi-siyasi sənəd hesab olunduğu yazılır: “Konstitusiyada dəyişklik edilməyəcəyi halda, belə çıxır ki, biz bu gün sadəcə Paşinyan hökuməti ilə sülh sazişi imzalayacağıq. Daha sonra yeni gələn hakimiyyət deyəcək ki, Ermənistan konstitusiyasında bu məsələlər olduğuna görə, sazişi ləğv edirik. Yəni, ölkə gücləndikdən, özünə dəstək təmin etdikdən sonra belə bir aqressiya nümayiş etdirə bilər. Bu, məsələnin çox ciddi bir tərəfidir. İkincisi, Azərbaycan Prezidenti son açıqlamalarının birində olduqca maraqlı fikir ifadə etdi. Bildirdi ki, biz Ermənistan-Azərbaycan arasında sülh danışıqlarının substantiv mərhələsinə cəmi 6 aydır, qədəm qoymuşuq. Nəzərdə tuturdu ki, 2023-cü ilin sentyabrında keçirilən əməliyyatlardan sonra nəhayət sülhə mane olan əsas faktorlardan birini aradan götürmüşük. Yəni, Azərbaycanda yaşayıb, hələ də separatçılıqla məşğul olan yuvanı ləğv edə bilmişik. Ona görə fikirləşirəm ki, tələsmək və hər görüşdən nəticə gözləmək lazım deyil. Amma bununla belə bu cür görüşlərin keçirilməsi də vacibdir”.

Politoloq Zaur Məmmədov isə TNS-ə deyib ki, görüşün sonunda verilən bəyanat nəticədən danışmağın tez olduğunu göstərir: “Nəticədən danışmağın tez olmasının səbəbi var və gözlənilən idi. Çünki Ermənisan konstitusiyasını dəyişmir. Hələ də Azərbaycanla bağlı ərazi iddiaları var. Belə olan təqdirdə “niyə biz tələsərək, sülh müqaviləsini bağlamalıyıq”, dilemması qarşısında qalırıq”.

zaur_memmedov

Politoloq başqa bir məqamdan da danışıb: “Son zamanlar ABŞ Dövlət Departamenti demək olar ki, hər həftə Azərbaycan və Ermənistan arasında gedən sülh prosesi ilə bağlı bəyanatlar verirdi. Demək olar ki, hər ay Ermənistana və Azərbaycana səfərlər təşkil olunurdu. Bu səfərlərin sonuncusunda Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Zəngəzur dəhlizi, Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı açıqlamalarının şahidi olduq. Deyək, Türkiyə və Ermənistan arasında sərhədlər açılır. Bəs, qarşılığı nə olacaq? Yaxud Zəngəzur dəhlizi ilə bağlı vəziyyət necə olacaq?

Birincisi, bu məsələlərdə prinsipiallığı nümayiş etdirməli olan Ermənistandır. Yəni Azərbaycanın tələbləri yerinə yetirilməlidir. Bir tərəfən Dövlət Departamenti bu kimi bəyənatlar verir. Digər tərəfdən biz bilirik ki, Azərbaycana qarşı Qarabağdan ermənilərin köç etməsi ilə bağlı hələ ki, geniş ictimaiyyətə yaymasalar da, alt səviyyədə hesabatlar hazırlanıb. O hesabatların kuratorlarından biri O'Braynın özüdür. Bu yaxınlarda beynəlxalq təşkilatlardan birinin Qarabağ erməniləri ilə bağlı Azərbaycanı günahlandırması XİN başçıları arasında görüşdən əvvəl Azərbaycana təzyiq kimi də başa düşülə bilər. Hər halda təzyiq var, tələsirlər. Amma noyabra qədər tələsməyə ehtiyac yoxdur. Nə qədər ki, Ermənistan tələbləri yerinə yetirmir, ilin sonuna qədər real olaraq sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Ancaq hansısa mətnin təsdiq edilməsi yenə də qarşı tərəfin atacağı addımlardan asılı olacaq”.

Aygün