Close

Milli Məclis buraxılsa da parlamentin iclası keçirilə bilər

Məlumdur ki, VI çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və sentyabrın 1-ə növbədənkənar parlament seçkiləri təyin edilib.

Maraqlıdır ki, növbədənkənar seçkilərədək Azərbaycanda qanunvericilik orqanı olan parlamentin səlahiyyəti tam bitibmi? VI çarığış Milli Məclisin iclası çağırıla bilərmi?

Bu barədə TNS-ə açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov bildirib ki, bu sualların cavabı qanunvericilikdə əksini tapıb: “Qanunvericilik hakimiyyətini həyata keçirən bir qurum kimi parlamentin fəaliyyəti yekunlaşıb. Yəni onun qanunvericilik fəaliyyəti başa çatıb.

Amma qanunvericilik fəaliyyəti ilə bağlı olmayan bəzi məsələlərdə parlament toplana bilər. Məsələn, fövqəladə vəziyyətin elan edilməsi, hərbi vəziyyətin elan edilməsi, sülhün imzalanmasına razılıq verilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda və eyni zamanda parlamentlərarası qruplarda fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərdə VI çağırış parlamentin fəaliyyəti davam eməkdədir.

Misal olaraq, əgər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tannmış ərazilərinə təhdid yaranarsa, bu halda Prezident ölkə ərazisində və ya ölkənin bir hissəsində hərbi vəziyyət elan edə bilər. Bu zaman imzalanmış fərmanı təsdiq üçün Milli Məclisə göndərir.

Ya da fövqəladə vəziyyətin elan olunmasına səbəb olan vəziyyət yaranarsa, bu halda ölkə başçısı verdiyi müvafiq fərmanı təsdiq edilməsi üçün Milli Məclisə göndərə bilər.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin öz təyinatına uyğun olmayan fəaliyyətə cəlb edilməsi zərurəti ortaya çıxarsa, Milli Məclisin toplanması mümkündür.

Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi gündəmdədir. Əgər sazişin təsdiq edilməsi lazım gələcəksə, bu halda da parlamentin toplanmasına ehtiyac ola bilər.

Yəni seçkilərə qədər parlamentin iclasının çağırılması ehtimalı var. Amma bir daha təkrar edirəm ki, bu, parlamentin qanunvericilik hakimiyyəti ilə bağlı olmayan məsələlərdə mümkündür. Digər məsələlərdə isə VI çağırış Milli Məclisin səlahiyyəti bitib və parlament buraxılıb”.

xeyal-besirov