Close

Şimali Kipr XİN: “Ersin Tatarın ikinci dəfə Azərbaycana dəvət edilməsi bizim üçün qürur mənbəyidir” - ÖZƏL

“Prezidentimiz cənab Ersin Tatarın ikinci dəfə Azərbaycan Respublikasına dəvət edilməsi və Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında iştirak etməsi Şimali Kipr Türk Cümhuriyyəti üçün böyük bir addım və qürur mənbəyidir”.

Bunu TNS-in sorğusuna cavab olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, Azərbaycan Şimali Kiprin haqlı mübarizəsini dəstəkləməklə Kipr türk xalqının iradəsinə və müstəqillik uğrunda verdiyi mücadiləyə hörmətini nümayiş etdirir: “Belə toplantılar Kipr türk xalqı üçün beynəlxalq miqyasda səsini eşitdirmək və haqlarının müdafiəsinin təmin olunması üçün böyük fürsətdir”.

Nazirlikdən bildirilib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin açıqlamaları Kipr türk xalqının reallıqlarına və hüquqlarına hörmət etməyən bir yanaşmanı əks etdirir: “Şimali Kiprin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsi Kipr türk xalqının qanuni hüquqlarını və suverenliyini dəstəkləyən bir addımdır. Onu da unutmaq olmaz ki, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olması tarixi-mədəni bağları nəzərə alsaq, təbii və zəruridir. Avropa İttifaqı məsələyə həmişə olduğu kimi, yunanpərəst prizmadan toxundu və növbəti dəfə ədalətsiz bəyanatla çıxış etdi. Aİ-nin bu cür reaksiyaları Kipr türk xalqının iradəsinə və suverenliyinə hörmətsizlikdir. Beynəlxalq arenada haqlarımızı müdafiə etməyə və Kipr türklərinin hüquqlarını qorumağa davam edəcəyik”.