Close

12:34
06 Oktyabr 2024
12:10
06 Oktyabr 2024

Ersin Tatarın Şuşa səfəri onları niyə narahat edib? - Avropanın Azərbaycana ehtiyacı var…

Türk Dövlətləri Təşkilatınının (TDT) Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü dostlarımızı sevindirsə də, bəzi beynəlxalq təşkilatları və şəxsləri narahat edib.

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell açıqlama verib ki, Macarıstanın Baş naziri Orban Zirvə görüşündə İttifaqı təmsil etməyib. Aİ TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərini də pisləyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı TNS-ə bildirib ki, Prezident İlham Əliyevin Ersin Tatarı Şuşada TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə dəvət etməsi strateji qərardır: “Bəlli idi ki, bu dəvət Avropa İttifaqının siyasi dairələrinin və İttifaqın üzvü olan Kipr Respublikasının narahatlığına səbəb olacaq. Müxtəlif təxribatçı açıqlamalar verdilər. Amma qurumun rəsmi bəyanatı olmadı. Bizim siyasətimiz bəllidir. Şimali Kiprlə ilə sıx əlaqələr qurmuşuq”.

elxansahin

Politoloq deyib ki, Aİ-nin hansısa ciddi təzyiqi gözlənilmir: “Bizə təzyiq etmək niyyətləri olsaydı, ötən ilin oktyabrında Ersin Tatar Azərbaycana ilk dəfə səfərə gələndə edərdilər. Hətta hansısa təzyiqə cəhd etsələr belə, nəticəsi olmayacaq. Çünki biz Avropa İttifaqının üzvü deyilik, belə bir niyyətimiz, hədəfimiz də yoxdur. Onu da nəzərə alaq ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa ehtiyacı var. Beynəlxalq layihələr, Azərbaycanın enerji ehtiyatlarına tələbat bu əməkdaşlığı zəruri edir”.

Elxan Şahinğlu vurğulayıb ki, heç nədən çəkinmək lazım deyil: “Macarıstanın Baş naziri Viktor Orban da Şuşaya gəlib, toplantıya qatıldığına görə hədəf seçilib. Macarların da yaxşı cavabı olub: “Bəlkə harada nahar edəcəyimizi də Brüsseldən soruşaq”. Viktor Orban Brüssellə dirəşən siyasətçidir və təzyiq qarşısında geri çəkilən deyil. Ersin Tatar üçün isə vacib olan beynəlxalq aləmin tədricindən qurtulmaqdır və Şimali Kipr Prezidentinin ikinci dəfə Azərbaycana səfər etməsi və yüksək səviyyədə qarşılanmasının ardı gələcək. Azərbaycanın ardınca Mərkəzi Asiyanın türk dövlətlərinin də Şimali Kipr Prezidentini ölkələrinə dəvət etmələrinin vaxtı çatıb. Növbədə Şimali Kiprin Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvlüyünə qəbulu və dövlət kimi tanınması olmalıdır”.