Close

Pezeşkianın seçilməsi bir daha göstərdi ki, İranın sahibi türklərdir

İranda keçirilən növbədənkənar prezident seşkilərində keçmiş səhiyyə naziri, güney azərbaycanlı Məsud Pezeşkian 16 milyon 153 min 848 (55,36%) səs toplayaraq, qalib olub. Onun rəqibi, Seyid Əli Xameneinin Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəliliyə isə 13 milyon 23 min (44,64 faiz) seçici səs verib. Beləliklə, Məsud Pezeşkian İranın 9-cu prezidenti olub.

Maraqlıdır, islahatçılar düşərgəsinin nümayəndəsi olan Pezeşkianın seçilməsi ilə İranın daxilində, xarici ölkələrlə, xüsusilə Azərbaycanla münasibətlərdə hansı dəyişikliklər gözlənilir?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan TNS-in bu barədə suallarına cavabında Pezeşkianın seçilməsini İranda islahatlar üçün növbəti cəhd kimi qiymətləndirib.

O, İranda istər inqilabdan əvvəl, istər sonra islahatlara cəhd edildiyini xatırladıb: “İnqilabdan əvvəlki təşəbbüslər köklü islahatları nəzərdə tuturdu, yəni İranın demokratikləşməsi, ayrı-ayrı etniklərin hüquqlarının təmin olunması və s. kimi. İslam inqilabından sonrakı cəhdlər isə əsasən, Qərblə əlaqələrin normallaşması üçün olub. Haşimi Rəfsəncani, Hatəmi, Ruhaninin dövründə də belə təşəbbüslər olub. Bütün cəhdlər də ölkə daxilində islahatlar aparılması ilə yox, Qərblə münasibətlərin normallaşması istiqamətində idi. Bunların hamısı məğlubiyyətlə nəticələnib.

Məsud Pezeşkian da özünü Qərblə danışıqların aparılmasına hazır füqur sayır. O, inqilabdan sonrakı islahatçıların davamçısıdır”.

Sədrəddin Soltan Pezeşkianın İranın demokratikləşməsi istiqamətində hansısa addımlara cəhd edəcəyini düşünmədiyini deyib: “Məsələn o, Azərbaycan dilində məktəblərin açılması ilə bağlı konstitusiyanın müvafiq maddəsini icra edəcəyini vəd etməyib. Yaxud digər millətlərin konstitision hüquqlarının müdafiəsi istiqamətində addımlar atılacağını deməyib.

Mümkündür ki, hazırkı İran hakimiyyəti də Qərblə münasibətlərin yumşalmasında maraqlı olsun. Çünki hazırda İranın iqtisadi-sosial vəziyyəti hakimiyyətə bunu diqtə edir.

Ona görə ən uyğunu Pezeşkiandır. Niyə Cəlili yox? Çünki Cəlili Qərblə münasibətləri pozan, danışıqların əleyhinə olan, imzalanmış razılaşmalara qarşı çıxan füqurdur.

Xamenei fiqurların yerini dəyişdirəndə Pezeşkianın önə çıxmasına şərait yaratdı”.

Azərbaycan-İran münasibətlərinin bundan sonra hansı istiqamətdə davam edəcəyinə gəlincə, siyasi şərhçi bildirib ki, bizim üçün əsas məsələ Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması və İranın Azərbaycan dövlətinə münasibətidir: “Hesab edirəm ki, İranda xarici siyasi kurs etnik mənsubiyyətdən asılı deyil. Dövlətin ali rəhbərinin cızdığı xətt üzrə xarici siyasət aparılır. Əgər ali rəhbər və rəhbərlik institutu Azərbaycanla münasibətləri normallaşdırmaq istəyəcəkcə, hadisələr bu istiqamətdə cərəyan edəcək. Prezident də bunu ən yaxşı şəkildə icra etməyə çalışacq. Əks halda, Pezeşkian uzağı ona aid olan məsələlərdə susa bilər. Xamenei hansı tapşırığı verəcəksə, Pezeşkian icra edəcək.

Uzaqbaşı, Azərbayacn və İran prezidentləri görüşəndə Azərbaycan türkcəsində danışacaqlar. Belə bir üstünlük ola bilər. Bu da geniş miqyasda olmayacaq. Çünki İranda dövlət dili fars dilidir. Prezident dövləti təmsil etdiyindən Pezeşkian da məcbur qalacaq, farsca danışacaq. Ulu Öndər Heydər Əliyevlə Xameneinin dialoqunu xatırlayaq. O vaxt Ümummilli Lider Xameneiyə demişdi ki, sən türksən, türkcə bildiyin halda niyə mənimlə tərcüməçi vasitəsiylə danışırsan?”

Sədrəddin Soltan onu da vurğulayıb ki, Azərbaycan türkü olan Pezeşkianın prezident seçilməsi soydaşlarımızın İranın sahibi olduğunun daha bir göstəricisidir: “2006-cı il may hadisələrində Cənubi Azərbaycan türklərinin aksiyalarına çox böyük reaksiyalar verilmişdi. Başda Xamenei olmaqla, hakimiyyətin bütün rəsmi şəxsləri türklərin İran tarixində rolunu etiraf etməyə məcbur olmuşdu.

Pezeşkianın prezident seçilməsi İrandakı anti-türklərə, xüsusilə, hakimiyyətdə Xameneiyə qarşı olan anti-türklərə, panfarsist elitaya bir ismarışdır. Yəni, Güney Azərbaycan türkləri böyük qüvvədir, istədikləri vaxt İranda dəyişiklik etməyə qadirdir. Bunu da silahsız, terrorsuz, tam qanuni, dinc şəkildə edirlər. Göstərdilər ki, türklər İranın sahibidir, onlar olmadan İranda heç bir dəyişiklik ola bilməz. Bunu oradakı başqa heç bir etnik qrup, hətta farslar da bacarmaz. Yalnız Azərbaycan türkləri edə bilər və edir”.