Close

09:26
08 İyul 2024

Onun cəsarəti və vicdanı olsaydı... Sabiq nazirdən SƏRT YAZI

Otuz ildir, min bir yalanla xalqı hakimiyətə qarşı istifadə etməyə çalışsa da bu adamın aldığı nəticə sıfra bərabərdir. Özü də bunun belə olduğunu illərdir ki, açıq-aşkar görür. Ancaq adamın xisləti dəyişmir. Dəyişərsə, siyasi səhnədən tamam silinəcəyinin fərqindədi. Təsəvvür edirsinizmi, Xalq Cəbhəsi biabırçı şəkildə hakimiyyətdən getdiyi vaxtdan bu günə qədər adam öz ətrafına toplaya bildiyi beş-on özükimilərlə nə parlament, nə prezident, nə də bələdiyyə seçkilərinə normal hazırlaşa bilmir. Növbədənkənar seçkilər isə adamın hazırlaşmaq imkanını “zaman baxımından” tam “məhdudlaşdırır”. Otuz ildə seçkiyə hazırlaşmağı bacarmayan biri indi parlament seçkilərinin bəlli obyektiv səbəblərdən bir aydan bir qədər artıq qabağa çəkilməsini mövzu edib mətbuatda, sosial şəbəkələrdə şüvən salıb.

Adam başa düşmür ki, bu xalq artıq onun 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində gördüyü xalq deyil. Ötən onilliklər ərzində xalq gerçəkləri olduğu kimi dəyərləndirmək səviyyəsinə yüksəlib və bu səbəbdən onu yalanla, pafoslu mənasız çağrışlarala aldatmaq mümkün deyil.

Xalqın inamını qazanmaq üçün ona doğru olanı söyləməlisən. Yalanla xalqı öz arxanca apara bilməzsən. Bir müddət yalanla aldada bildiyin insanlar bir qədər sonra bu yalanların üstünün açıldığına şahid olub, sənə nifrət edəcəklər.

Əli Kərimlilər 1990-cı illərin əvvəllərində xalqı öz yalanları ilə aldadıb hakimiyyətə yiyələnmişdilər və sonda bəlli oldu ki, onların dedikləri ilə əməlləri arasındakı uçrum Azərbaycanı bir dövlət kimi məhvə aparır. Və bu səbəbdən xalq öz seçimini etdi. Heydər Əliyevin qurduğu hakimiyyət 30 ildə Azərbaycanı Əli Kərimlilərin saldığı quyudan çıxarıb, zirvəyə yüksəltdi. İlham Əliyev isə həlli mümkün olmayan bir məsələni – Qarabağ məsələsini kökündən çözərək son 200 ildə Azərbaycanın torpaqlarını işğaldan azad edən ilk sərkərdə kimi öz adını qızıl hərflərlə tarixə yazdı.

İndi Əli Kərmlilər bu qələbədə Ordunun rolunu qeyd edib Ali Baş Komandanın xidmətlərini “yada salmamaqla” bu xalqın dəstəyini qazanmaq istəyirlər? Bu necə ola bilər axı? Bu Ordunu Əli Kərimli qurub? Komandansız Ordu olurmu? Dünya tarixində orduların qələbəsi onların komandanının adı ilə yazılır. Bu qələbə də İlham Əliyevin adı ilə tarixə yazılıb. Əli Kərimliyə xalqın nifrətini yaradan ən böyük yanlışlardan biri də İlham Əliyevə Ali Baş Komandan kimi Qarabağ Zəfərinə görə təşəkkür edə bilməməyidir. İçi qaradı və bu qara ona imkan vermir ki, Qarabağı işğaldan azad etmiş Ali Baş Komandana sağ ol desin! Onun cəsarəti və vicdanı olsaydı, torpaqlarımızı işğaldan azad edən Ali Baş Komandana təşəkkür edərdi. 

O bilməlidir ki, xisləti bunu etməyə imkan vermədikcə, bu xalq ona nifrətlə baxacaq.

Əli Kərimli seçki öncəsi yanacaq qiymətlərində baş verənləri əlində bayraq edib özünü siyasi həyasızlığa qoyub! Bu qiymət dəyişikliklərinin mahiyyətini belə dərk etmədən onları xalqı soymaq aləti kimi cəmiyyətə təqdim etməyə çalışır. Anlamır ki, dünya çox kiçikdir, insanlar bu qiymət artımlarının dünyanın bütün ölkələrində getdiyindən xəbərdardılar. Anlamır ki, dünya ekoloji cəhətdən sağlam olan bir yol seçdiyi halda, Azərbaycanın bu yoldan kənarda qalması mümkün deyil. Kərimli bu islahatların fəlsəfəsinə 1980-ci illərin sonlarının təfəkkürü ilə baxmağa çalışır, çünkü yaşı artsa da qafası dəyişməyib!!!

Fikrət Yusifov,

sabiq maliyyə naziri, professor