Close

Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi möhkəmlənir

Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşü keçirilir.

İki günlük "ŞƏT+” formatında baş tutan Sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər.

Məlum olduğu kimi, Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Azərbaycan Prezidenti bir sıra dövlətlərin rəhbərləri ilə görüşlər keçirib və sənədlər imzalanıb.

Astana görüşünün əhəmiyyəti ilə bağlı TNS-ə danışan iqtisadçı alim Vüqar Bayramov bildirib ki, təşkilata üzv olan 9 ölkənin birgə nominal Ümumi Daxili Məhsulu (ÜDM) 24.4 trilyon dollardır. Bu, Avropa İttifaqının birgə ÜDM-dən 6.0 trilyon dollar çoxdur: “Təşkilata üzv olan dövlətlər qlobal nominal ÜDM-in 20 faizdən çoxunu formalaşdırır. Dünya neft ehtiyatlarının 20, qaz rezervlərinin isə 44 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Dünya əhalisinin 40 faizinin məskunlaşdığı təşkilat dövlətlərinin qlobal iqtisadiyyatdakı payı hər il daha da atmaqdadır.

2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən Memorandum imzalanıb. Son 8 ildə Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra regionda formalaşan yeni düzən fonunda ölkəmiz ilə əməkdaşlığın genişləndirilməsi təşkilatın da regional maraqlarına uyğundur. Belə ki, Azərbaycan regional və bölgəni əhatə edən beynəlxalq layihələrin, o cümlədən nəqliyyat dəhlizlərinin uğurla icrasında və genişləndirilməsində xüsusi töhfəyə malik olan dövlətlərdəndir”.

Vuqar_Bayramov

İqtisadçı bildirib ki, Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir: “Belə bir status qarşılıqlı olaraq hər iki tərəf üçün faydalı hesab olunur. Cənab Prezidentin rəhbərliyi ilə Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi daha da möhkəmlənməkdədir. Astanada keçirilən görüşlər və aparılan vacib müzakirələr bunu bir daha təsdiq edir”.

Qeyd edək ki, 23 il əvvəl yaradılan ŞƏT regional əməkdaşlıq forumu statusuna malik olmaqla 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) özündə birləşdirir.