Close

Azərbaycanla Çinin strateji tərəfdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib

“Azərbaycan son illər Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS-ə maraq göstərir. ŞƏT və BRİKS-ə daxil ölkələr də Azərbaycanın hətta bu təşkilatlara qoşulmasına isti münasibət göstərir”.

Bunu TNS-ə politoloq Zaur Məmmədov deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən Zirvə toplantısında iştirakı və oradakı görüşlərlə bağlı fikirlərini bildirən politoloq qeyd edib ki, bu təşkilata üzv ölkələr hazırda dünya iqtisadiyyatında və qlobal siyasətdə önəmli rola sahibdir: “Hazırkı qlobal problemləri və çağırışları da nəzərə alsaq, ŞƏT ölkələrinin öz aralarında intensiv şəkildə görüşlərinə nəzər yetirməliyik. Astanada keçirilən görüşlər bir neçə aspektdən maraqlıdır.

Azərbaycan Prezdentinin ilk görüşü Rusiya Prezidenti Vladimir Putinlə oldu. Həmin görüşdə daha çox iqtisadi məsələlər müzakirə olundu. Görünən odur ki, Rusiya və Azərbaycan Şimal-Cənub nəqliyyat yolu üzrə əməkdaşlıqdan razıdır. Orada Astara-Rəşt yolunun tiikintisi ilə bağlı vaxtın uzadılması məsələsi diqqətimi çəkdi. Bu, yəqin ki, İranda son zamanlarda gedən siyasi proseslər, seçkilərlə bağlıdır. Ya da İranın Azərbaycandan keçəcək Şimal-Cənub yoluna o qədər də isti münasibət bəsləməməsindən qaynaqlanır.

Amma qeyd etmək lazımdır ki, İran tərəfi dəfələrlə bu yolun tikintisini dəstəklədiyini açıqlayıb”.

Zaur Məmmədov xatırladıb ki, Azərbaycan Prezidentinin növbəti görüşü Çin lideri Si Cinpin ilə olub: “Bu görüş çox vacib idi. Biz bilirik ki, Çin liderləri müxtəlif ölkələrin liderləri ilə görüşə bir az ehtiyatlı yanaşır. Çinlə Azərbaycan arasında strateji əməkdaşlıqla bağlı məsələlərin təhlil edilməsi, müxtəlif istiqamətərdə çoxşaxəli bir mətnin qəbul edilməsi rəsmi Pekinin Bakıya verdiyi önəmi göstərir. Təbii ki, Azərbaycan da prinsipiallığını bir daha nümayiş etdirdi. Azərbaycan tərəfi Çinin ərazi bütövlüyünü, Tayvan və digər məsələlərdə Çinin apardığı siyasəti dəstəklədiyini bəyan etdi. Çünki ölkələrin ərazi bütövlüyü Azərbaycan üçün vacibdir. Eyni zamanda Çin tərəfi də Ermənistanla danışıqlarda məhz Azərbaycanın təklif etdiyi prinsiplər əsasında məsələlərin həllinə dəstək verdiyini ifadə etdi. Bu da bizim üçün olduqca vacibdir. Biz bilirik ki, dünyada Çinin siyasi və iqtisadi sahədə rolu artmaqdadır. Pekin-Bakı münasibətlərinin inkişafı BMT-nin Təhlükəsizlik Şurasında, ayrı-ayrı beynəlxalq təşkilatlarda Çinin Azərbaycana qarşı mövqedə olmayacağına işarədir.

Məlumdur ki, iqtisadi, kommunikasiya müstəvisində Çini zəifltmək üçün bir sıra addımlar atıldı. Rusiya-Ukrayna savaşı, Süveyş kanalındakı böhran ona gətirib çıxardı ki, Çin Beynəlxalq İpək Yolu haqqında düşünməyə başladı. Nəticə etibarilə Azərbaycan vasitəsilə yüklərin daşınmasına dair bir sıra qərarlar qəbul etdi. 2022-2023-cü illərə nəzər salsaq, Bakı-Tblisi-Qars (BTQ) dəmiryolu vasitəsilə Çinlə Avropa arasında yükdaşımaların payı artmaqdadır. Gələcəkdə bunun daha da genişlənməsi nəzərdə tutulur. Çünki BTQ-nin yüktutma həcmi genişləndirilir, Zəngəzur dəhlizi mövzusu gündəmdədir. Həmçinin Bakı ətrafında limanlar tikilib ki, Azərbaycan Mərkəzi Asiya və Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında xüsusi rol oynaya bilər”.

zaur_memmedov

Politoloqun fikrincə, Bakı-Pekin münasibətləri avtomatik olaraq Azərbaycanla ŞƏT arasında əməkdaşlıq münasibətlərinə də təsir edəcək: “Bu, Azərbaycanın Şərqi Asiyada da iqtisadi imkanlarının genişlənməsinə, Çinin Azərbaycana daha çox investisiya yatırmasına gətirib çıxaracq. Çin şirkətlərinin Azərbaycandakı payı artmaqdadır. Azərbaycan investisiyası da Çində az paya sahib deyil. Bunun daha da artırılması, genişləndirilməsi əsas mövzulardan biridir”.

Zaur Məmmədov Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüşü müttəfiqlərin görüşü kimi dəyərləndirib: “Rəsmi Bakı, Ankara və İslamabad Qafqaz, Böyük Asiya və Avropada xüsusi təhlükəsizlik zolağı yaratmaqdadır. Təsadüfi deyil ki, görüş zamanı hərbi-texniki imkanların genişlənməsi, hərbi təlimlərin mütəmadi xarakter alması, təhlükəsizlik, müdafiə ilə bağlı digər məsələlər müzakirə olundu. Üç ölkə hərbçilərinin birgə təlimləri keçirilib. Orduların bir-birinə adaptasiya və inteqrasiyası gələcəkdə də əsas mövzulardan biri olacaq”.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidentinin səfəri bir daha göstərib ki, Azərbycana maraq həm Qərbdə, həm Şərqdə, həm Cənubda, həm də Şimalda artan xətt üzrə davam etməkdədir: “Azərbaycan coğrafi cəhətdən kiçik əraziyə malik olsa da, böyük dövlətlərin daim rəğbət bəslədiyi bir ölkədir. Bu da əlbəttə ki, Prezident İlham Əliyevin apardığı dayanıqlı siyasətin nəticəsidir. Azərbaycan Prezidentinə etibar var. Bu etibar, güvən onun verdiyi sözləri tutması, əməldə həyata keçirməsi, maraqları nəzərə alaraq, sülhün inkişafı üçün apardığı siyasətlə bağlıdır.

Hesab edirəm ki, bu səfər zamanı keçirilən görüşlərə, əldə edilən razılaşmalara Qərbin reaksiyası olmayacaq. Çünki Çinlə Azərbaycan arasında əməkdaşlıq razılaşması Qərb üçün ciddi çağırış deyil. Azərbaycanla Çinin strateji tərəfdaşlığı heç bir ölkəyə, üçüncü tərəfə qarşı yönəlməyib. Burada hərbi komponentlər yoxdur, daha çox iqtisadi məsələlərlə bağlıdır. Siyasi məsələlərə gəldikdə isə rəsmi Bakı həmişə bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verib. İlk dəfə deyil ki, Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəkləyir və ya Tayvan məsələsində Çinə dəstəyini ifadə edir”.