Close

Bu müxalifət partiyaları da seçkiyə gedir – Sabiq deputat telefonu üzümüzə qapatdı

Hazırda ölkənin əsas gündəmi sentyabrın 1-ə təyin olunmuş növbədənkənar parlament seçkiləridir. Siyasi partiyaların rəhbər oqranlarının iclasları keçirilir, seçkidə iştirak məsələləri müzakirə edilir.

İndiyədək bir neçə partiya seçkidə iştirak edəcəyini açıqlayıb.

Bunlardan biri də Azərbaycan Xalq Partiyasıdır (AXP). Partiyanın sədri Pənah Hüseyn TNS-ə deyib ki, iyulun 2-də rəhbərlik etdiyi siyasi təşkilatın İdarə Heyətinin seçkilərə həsr olunmuş iclası keçirilib. İclasda AXP-nin seçkilərdə iştirak etməsinə qərar verilib.

Qərara əsasən, 48 saylı 1-ci Abşeron Seçki Dairəsindən Məzahir İsrayılov, 67 saylı Sabirabad Seçki Dairəsindən Qiyas Sadıqov, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsindən Pənah Hüseyn, 70 saylı Neftçala Seçki Dairəsindən Mircəlal Həmzəyev, 99 saylı Bərdə Seçki Dairəsindən Mübariz İsmayılov, 119 saylı Ağdam Seçki Dairəsindən Hüseyn Behbudov deputatlığa namizəd olacaqlar: “Digər namizədlərlə bağlı məsləhətləşmələr aparırıq. İdarə Heyəti seçkilərdə partiyanın səlahiyyətli nümayəndələrini və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrini də təyin edib”.

Müsavat Partiyası son qərarını iyulun 4-də açıqlayacaq. Partiyanın başqanı İsa Qəmbər bildirib ki, iyulun 1-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Divan məsələnin daha geniş tərkibdə müzakirə olunması üçün iyulun 4-də partiya Məclisinin növbədənkənar sessiyasının keçirilməsi barədə qərar qəbul edib.

Vəhdət Partiyası isə seçki qərarını açıqlamayıb. Əməkdaşımız partiyanın sədri, sabiq deputat Tahir Kərimli ilə əlaqə saxlamağa cəhd edib. Tahir Kərimli zəngə cavab versə də, əməkdaşımızın sualını dinlədikdən sonra telefonu qapadıb. O, əməkdaşımızın sonrakı zənglərini cavabsız qoyub.