Close

Bitərəflər seçkilərdə iştirak qərarlarını nə vaxt açıqlayacaqlar? - SORĞU

Məlum olduğu kimi ölkədə növbədənkənar parlament seçkilərinə hazırlıq gedir.

TNS sentyabrın 1-də keçiriləcək seçkilərdə sabiq bitərəf deputatlardan kimlərin iştirak edəcəyi ilə bağlı sorğu keçirib.

Onlardan sabiq deputat, professor Musa Qasımlı Milli Məclisə keçiriləcək seçkidə iştirak edib-etməyəcəyini yaxın günlərdə ictimaiyyətə açıqlayacağını bildirib.

Sabiq deputat, iqtisadçı alim Vüqar Bayramov da bu barədə bir neçə gündən sonra açıqlama verəcəyini deyib: “Hazırda Milli Məclisin xətti ilə Bəhreyn Kralığında "Kosmos - regionda diplomatiya və iqtisadi inkişaf üçün dönüş nöqtəsi" mövzusunda keçirilən 6-cı Beynəlxalq Kosmik Forumda iştirak edirəm. 3 gündən sonra Azərbaycana qayıdacağam. Bundan sonra seçki ilə bağlı qərarımı açıqlayacağam”.

Milli Məclisin sabiq deputatı Aqil Abbas bildirib ki, bu barədə hələ qərar verməyib: “Parlament seçkilərinə qatılıb-qatılmayacağımı hələ fikirləşirəm. Əvvəlcə Qarabağa gedəcəyəm, orada seçicilərlə görüşəcəyəm. Onlar razılıq versə, təbii ki, qatılacağam”.

Seçkiyə hansı dairədən qatılacağına gəlincə, A.Abbas namizədliyini irəli sürəcəyi təqdirdə, seçki dairəsini dəyişməyəcəyini vurğulayıb: “Neçə ildir, eyni dairədən qatılram. Qarabağ camaatını təmsil edirəm. Qatılacağım halda, həmin dairədən namizədliyimi verəcəyəm”.

Tural Gəncəliyevin köməkçisi isə sabiq deputatın seçkiyə qatılacağını, ancaq bu barədə dəqiq məlumatları onun özünün verəcəyini bildirib: “Milli Məclisin deputatları - ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili və Tural Gəncəliyev ATƏT PA-nın “Mövcud təhlükəsizlik arxitekturasında ATƏT-in rolu: Parlament Perspektivi” mövzusunda keçiriləcən 31-ci sessiyasının işində iştirak etmək üçün iyunun 28-də Rumıniyanın Buxarest şəhərinə səfər ediblər.

Səfər iyulun 4-də başa çatacaq. Seçki ilə bağlı dəqiq açıqlamanı Tural müəllim qayıtdıqdan sonra açıqlayacaq”.