Close

Müxalifətin seçki hazırlığı – Hansı partiya neçə namizədlə iştirak edəcək?

Bu il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar seçkilərə hazırlaşır. Partiya sədrləri seçkiyə hazırlıq prosesi, namizədlərin sayı və s. məsələlərlə bağlı sorğumuzu cavablandırıblar.

Böyük Quruluş Partiyasının sədri, sabiq deputat Fazil Mustafa TNS-ə bildirib ki, sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı partiyanın namizədlərinin siyahısı artıq yekunlaşmaq üzrədir: “65-dən yuxarı namizədin irəli sürülməsini hədəf götürmüşük. Bu, əsasən pulsuz efir vaxtının alınması ilə bağlıdır. Mümkün namizədlərin siyahısı yaxın günlərdə yekunlaşdırılıb açıqlanacaq”.

fq

Fazil Mustafa özünün seçkidə iştirak edəcəyini də vurğulayıb: “Bütün dairələr üzrə namizədlərin verilməsi məsələsi gündəmdə deyil. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bizim partiyanın rayon təşkilatları yoxdur. Amma çalışacağıq ki, 65-dən yuxarı namizədin irəli sürülməsini və qeydiyyatdan keçməsini təmin edək. Təbii ki, seçkidə mən də iştirak edəcəyəm. Konkret olaraq, əvvəlki strategiyanı həyata keçirəcəyəm”.

Namzədlər arasında tanınmış simaların olmasına gəlincə, Fazil Mustafa bildirib ki, partiyanın kifayər qədər potensialı var: “Kimin nə qədər tanındığını deyə bilmərəm. Amma kifayət qədər nüfuzlu namizədlərimiz olacaq”.

Ümid Partiyasının sədri İqbal Ağazadə TNS-ə açıqlamasında bildirib ki, hazırda partiyanın Mərkəzi Aparatı seçki siyahısı üzərində iş aparır: “75 nəfərə yaxın namizəd var. İdarə Heyətinin kimlərin namizəd olmasına səs verəcəyi yaxın günlərdə bəlli olacaq. Mənim iştirakım mütləq mənada gözlənilir. Partiyanın sədri olaraq, hər zaman seçkilərdə iştirak etmişəm. Neçə dairədən namizəd olacağını da İdarə Heyəti müəyyənləşdirəcək. Qeyd etdiyim kimi, 75 namizədliyə namizədimiz var”.

iqbalaqazade

İ. Ağazadə onu da vurğulayıb ki, partiyanın funksionerlərinin hamısı tanınan, ictimai-siyasi arenada yeri və mövqeyi olan insanlardır.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə TNS-ə deyib ki, hələ fevral ayından seçkilərə hazırlıqla bağlı qərar verilib: “Seçki ilə bağlı partiyanın müvafiq strukturlarına, eləcə də rayon təşkilatlarına tapşırıqlar verilmişdi. Dairələr üzrə namizədlərimiz müəyyənləşib, çox cüzi dəqiqləşmələr qalıb. Bu da bəzi dairələrdə üst-üstə düşən namizədlərimizin olması ilə bağlıdır.  Bəzi texniki məsələlər var ki, onların da həlli gözlənilir. Böyük ehtimalla bu həftə ərzində artıq son qərarımız olacaq və namizədləri açıqlayacağıq”.

Sədr bildirib ki, namizədlərin sayı ilə bağlı hələ ki, son qərar verilməyib: “Namizəd sayı ilə bağlı hələ ki, son rəqəm deyə bilməyəcəm. Yaxın iki-üç gün ərzində Siyasi Şuranın iclası gözlənilir və son qərar veriləcək. Mən də namizəd olmağı planlaşdırmışam. Amma bununla bağlı yekun qərarı Siyasi Şuranın iclasından sonra verəcəyəm.

Partiya rəhbərliyində olan şəxslərin demək olar ki, hər biri seçkidə iştirak edəcək”.

arzuxanelizade

A. Əlizadə onu da bildirib ki, əvvəllər partiya üzvü olmayan şəxslər partiyadan namizədliklərini irəli sürmək istəyib.

Onun sözlərinə görə, qarşıdakı seçkidə hələ ki, bununla bağlı müraciət yoxdur: “Amma olarsa, dəyərləndiriləcək”.

Aygün İbrahimli