Close

İkinci turun ən şanslısı kimdir? – Qazanan İran rejimi olacaq

İyunun 28-də İranda keçirilən növbədənkənar prezident seçkilərində namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.

İyulun 5-də keçiriləcək II turda yarış islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili arasında olacaq.

Maraqlıdır, seçiləcək yeni prezident ölkədə milli azadlıq, sosial-iqtisadi sahədə problemlərin həllinə, qonşu və digər dövlətlərlə münasibətlərdə dəyişikliyə cəhd edəcəkmi?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan TNS-ə deyib ki, namizədlərdən hansı seçilsə, Ali Rəhbərin tapşırıqlarını daha yaxşı icra etməyə çalışacaq.

“İranda son yüz ildə bir neçə dəfə islahatlara cəhdlər olub. Amma islahatçıların əlində silahlı gücü, geniş maliyyə imkanları olmadığı üçün dedikləri ancaq sözdə qalıb. Onlar heç vaxt düşündüklərini həyata keçirə bilməyiblər.

Odur ki, əslən türk olan Pezeşkianın da düşüncələrini həyata keçirmək ehtimalı azdır. Bu, baş verməyəcək, digər islahatçılar kimi o da məğlubiyyətə uğrayacaq”, - deyə Sədrəddin Soltan bildirib.

Onun fikrincə, II turda 51 faiz səslə Cəlilinin prezident seçilmək şansı yüksəkdir: “Sonuncu seçkilərə cəmi 24 milyona yaxın seçici qatılıb. Ümumilikdə isə ölkədə 62 milyona yaxın seçici var. Bu 24 milyon seçici İran hakimiyyətinin sosial bazasıdır, öz adamlarıdır. Yəni, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət məmurlarıdır. İran tarixində bu seçki ən az seçicinin iştirak etdiyi seçkidir. Mərhum Prezident İbrahim Rəisinin seçkisində seçicilərin 48,8 faizi iştirak etmişdi. İndi isə bu rəqəm 40 faiz civarındadır”.

Sədrəddin Soltan Pezeşkianın namizədliyinin qeydə alınması, bu qədər səs toplaması məsələsi ilə bağlı maraqlı fikirlər səsləndirb: “İranda bir müddət əvvələ qədər davam edən etiraz aksiyaları, iqtisadi, sosial, mədəni, insan haqları sahəsində olan ağır problemlər fonunda bu seçki hakimiyyət üçün önəmli idi. Hakimiyyət vətəndaşları seçki prosesinə cəlb etmək üçün müxtəlif üsullara əl atdı. Məqsəd həm də Güney Azərbaycan türklərini prosesə cəlb etmək idi. Oradakı Azərbaycan türkləri illərdir, bu proseslərə qatılmamaqla seçkiləri səssiz boykot ediblər, passiv mövqe tutublar. Çünki hər zaman kimin qalib gəlməsindən asılı olmayaraq, güneyli soydaşlarımızın milli-mədəni, hətta konstitision hüquqları təmin olunmayıb. Pezeşkianın seçkiyə buraxılmasında məqsəd Güney Azərbaycan türklərini, eləcə də fars olmayan başqa bölgələrin islahatyönlü insanlarını oyuna cəlb etmək idi. Pezeşkianın əvvəlki seçkilərdə heç namizədliyini də qeydə almamışdılar. Ötən müddətdə nə dəyişdi ki, Pezeşkian seçkiyə buraxıldı və bu qədər səs topladı. Laricani, Əhmədinejat kimi mühafzəkar qanadın təmsilçiləri qeydiyyata alınmadı. Pezeşkianın bu prosesdə iştirakı bir növ katalizatorluqlur: oyunu qızışdırmaq, sonra sakitcə oyundan çıxmaq, rejimin istədiyi mühafizəkar xəttin nümayəndəsinin seçilməsinə nail olmaq. Hətta Pezeşkian prezident seçilsə belə, o da mühafizəkarlardan artıq fəaliyyət göstərməyəcək, Xamneinin tapşırığını ən yaxşı icra edən prezidentlərdən olmağa çalışacaq. Çünki o, rejimin adamıdır. Türkcə danışmağından asılı olmayaraq, bu rejimin balasıdır. Xamenei də türkcə danışır. Bu, o demək deyil ki, Xamenei islahatçıdır, oradakı soydaşlarımızın haqlarını müdafiə edir. Bu seçkidə qazanan İran rejimi olacaq”.